Cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 19 238,6 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,1% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 75.2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 14 468,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3.7% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81.4%-i və ya 11 773,9 min tonunu (6,3% azalma) Azərbaycanda hasil edilən neft, 18,6%-i və ya 2 694,8 min tonunu (9,8% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6%-i və ya 24 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4%-i və ya 5 240,7 min tonunu (2,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.