Infoteka.az
Sosial

Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycan-Türkiyə əlaqələrini genişləndirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik

15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

Qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkənizin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktubda yer alıb.

Dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul - “Demokratiya və Milli Birlik Günü” mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır.

Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizi böyük faciələrdən xilas edilməsində şəxsən Sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi.

Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi”.

Bu yaxınlarda Rəcəb Tayyib Ərdoğanla Astanadakı görüşünü, apardıqları ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayan Azərbaycan Prezidenti bildirib: “Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Infoteka.az