Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-də türk millətinin tanklara və silahlara qarşı apardığı epik mübarizəni qürurla xatırladıqlarını söylədi.
R.T.Ərdoğan və xanımı Əminə Ərdoğan Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinin uğursuzluğunun 8-ci ildönümündə İstanbulda 15 İyul Şəhidlər Körpüsündə yerləşən 15 İyul Şəhidlər Salonunu ziyarət edib.
Şəhidlər üçün Qurani-Kərim tilavəti ilə başlayan ziyarətdə prezident Ərdoğan Qurani-Kərim də oxuyub.
Şəhidlər üçün dua etdikdən sonra çıxış edən Ərdoğan 15 iyul gecəsi şəhid olanlara Allahdan rəhmət diləyib, qazilərə təşəkkürünü bildirib.
Prezident dövlət çevrilişinə cəhdin ilk anlarından çağrılmasını belə gözləmədən vətən xainlərinə müqavimət göstərmək üçün küçə və meydanlara axışan hər kəsə bir daha təşəkkür edərək deyib: “Qiyamçılar çevriliş cəhdini başladıqları körpüdə gecə boyu və səhərə qədər qan tökməyə, günahsızları qırmağa davam etdi. Onların burada törətdikləri qətllərdə xain və vəhşi üzlərinin hamımız gördük.
Yaddaşlarımıza həkk olunmuş o səhnələrin heç birini unutmamışıq və unutmayacağıq. Eynilə, yalın əlləri ilə tanklara və ölümcül silahlara qarşı millətimizin dastan mübarizəsini böyük qürurla xatırlayırıq.
15 İyula “oyun” deyənləri, “teatr” deyənləri, həyasızcasına “sövdələşmə” deyənləri qiyamətə qədər bağışlamayacağıq.
Bu millət müstəqilliyinə toxunan və iradəsini buxovlamağa çalışan hər oyunu korlamağa davam edəcək, necə ki, edib".