Infoteka.az
Siyasət

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib, Prezident İlham Əliyev Forumda iştirak edib

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb.

Moderator - “Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İstham: Sizi görməyə çox şadam, cənab Prezident. Tədbirimizə qatıldığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Xanımlar və cənablar, mənim üçün böyük şərəfdir ki, bu cür çox mötəbər 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edirəm. Biz buraya səyahət edərkən çox gözəl, səfalı təbiətin, möhtəşəm tunellərin şahidi olduq və möhtərəm cənab Prezident, Sizə bu işdə uğurlar arzu edirəm. Mən şadam ki, bugünkü tədbirimiz Zati-aliləri, cənab İlham Əliyevin himayəsi altında keçirilir.

Mənim adım Rebekka Maklaflin-İsthamdır, mən “Euronews” televiziya kanalının aparıcısı və prodüseriyəm. Şadam ki, bu gün mən bu tədbirin moderatoru olacağam.

Bu gün çox maraqlı gündəliyimiz var. Bilirəm ki, hər biriniz Zati-aliləri İlham Əliyevlə sual-cavab hissəsini səbirsizliklə gözləyirsiniz. Bizim böyük iştirakçı siyahımız var və cənab Prezidentə təşəkkür edirik ki, o, bizə kifayət qədər vaxt ayırıbdır. Mən çox xahiş edirəm suallar qısa olsun ki, biz vaxtımıza qənaət edə bilək. Xahiş edirəm ki, özünüzü təqdim edəsiniz və təmsil etdiyiniz təşkilatın da adını çəkəsiniz.

Bu gün burada əllidən artıq ölkəni təmsil edən nümayəndələr var. Biz Şuşada yalan məlumatların ifşasına həsr edilmiş bir tədbirdə iştirak edirik. Bu, dezinformasiya ilə mübarizə baxımından çox vacib bir vəzifədir. Bu gün, əlbəttə ki, informasiyanın inkişafı bizim sahə üçün çox əhəmiyyətlidir. Amma burada, əlbəttə ki, mənfi hallar da var. Burada media sektorunu təmsil edən nümayəndələrimiz var, onlar da öz əllərindən gələni edirlər ki, cəmiyyəti məlumatlandırsınlar. Əlbəttə ki, bu baxımdan bu gün burada oturan hər bir şəxs öz peşəsinə böyük sədaqətlə yanaşır.

Mövzuya gəldikdə, biz dörd əsas məqamı qeyd etməliyik: burada dezinformasiyanın təsiri, digər tərəfdən siyasət və təşəbbüslər və əlbəttə ki, Zati-alilərinin tövsiyəsi olacaqdır. Bu baxımdan əlbəttə ki, müsbət və mənfi təsirlərdən danışacağıq. Süni intellektin, eyni zamanda, media sahəsində məlumatlandırma və iqlim fəaliyyəti, - əlbəttə ki, COP29-la bağlı da biz səbirsizliklə gözləyirik bu tədbiri -, iqlim dəyişikliyi və ya keçid məsələsi də müzakirə mövzusu olacaqdır. Tədbirimizin üçüncü günündə də Frank Keyn tərəfindən “Yaşıl dünya naminə həmrəylik” mövzusunda təqdimat olacaqdır. O, sırf COP29 mövzusuna həsr ediləcəkdir və orada Elnur Soltanov tərəfindən də təqdimat keçiriləcək.

Sual-cavab hissəsinə başlamazdan əvvəl qeyd etməliyəm ki, burada maraqlı film təqdimatları olacaq və əlbəttə ki, biz şəhərlə də tanış olacağıq. Bu tədbirin çox səmimi və şəffaf olmasını arzu edirəm və buna əminəm.

Cənab Prezident, bir daha Sizə təşəkkür edirəm. İlk olaraq, cənab Prezidentə keçənilki forumla bağlı sual vermək istərdim. Ölkənizdə o tədbirdən bu günədək media sahəsində hansı dəyişikliklər baş veribdir?

Prezident İlham Əliyev: Əvvəlcə məni bu tədbirə dəvət etdiyinizə görə təşəkkür edirəm. Bu, böyük şərəfdir. Mənə məlumat verildi ki, burada 49 ölkədən və ev sahibi ölkədən nümayəndələr var, jurnalistlər var. Yəni, bu gün Qarabağda ikinci dəfə əllidən artıq ölkənin nümayəndəsi bir araya gəlibdir.

Mən xatırlayıram ki, ötən il məhz bu auditoriyada, məhz bu tarixdə mənim iştirakçılarla çox maraqlı söhbətim oldu və o vaxt mən arzumu bildirdim ki, bu forum bir ənənəyə çevrilsin və gördüyünüz kimi, bu tədbir artıq bir ənənəyə çevrilibdir. Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir.

Yəni, biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.

Xatırladaq ki, “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.

Infoteka.az