1875-ci ilin 22 iyulunda xalqımızın milli oyanışında yeni səhifə açıldı.Buna səbəb isə görkəmli maarifçi, publisist, Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti idi.
“Əkinçi” qəzeti xalqımızın milli özünüdərk etmə prosesində müstəsna rol oynayıb. Həsən bəy Zərdabi ilə yanaşı bu qəzetdə əməyi olan vətənpərvər yazarlar xalqı cəhalət yuxusundan oyatmağa çalışıblar.
“Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının dəsti xətti mövcuddur. Onlardan Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.
Ümumilikdə isə mətbuat cəmiyyət həyatının müxtəlif dövrlərindən başlayaraq obyektiv, qərəzsiz və dolğun informasiya verməklə xalqın siyasi mədəniyyətin təkmilləşdirilməsində əsas yer tutub.
Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir və söz azadlığı tariximizin mühüm bir hissəsidir.
Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Beləliklə də Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi.
Söz və mətbuat cəmiyyətin və dövlətin inkişaf göstəriciliyini təmin edir.
Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə göstərdiyi təsir gücünü yüksək qiymətləndirmişdi.
“Bizim ümumi məqsədimiz mətbuata daha çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. ( Ulu Öndər Heydər Əliyev)
Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti və dəstək bu gün möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Artıq illərdir ki, 1991-ci ildən “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
Mən bu gün münasibəti ilə Azərbaycan jurnalistlərini təbrik edir, onlara “Sözünüz də qələminiz də, kəsərli olsun! ” deyirəm.
Abasov Mövsümağa,
44gunsavash.az saytının rəhbəri, AJB-nin üzvü