Infoteka.az
Sosial

Avtomobillə velosiped yollarında hərəkət edənlər və dayananlar 100 manat cərimələnəcək

Velosiped yollarında hərəkət edən avtomobillər 100 manat cərimələnəcək.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə yüz manat məbləğində cərimə ediləcək.
Bu xəta 2 balla qiymətləndiriləcək. Eyni zamanda Məcəlləyə əsasən, bu xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılacaq.

Avtomobilin velosiped yollarında dayanma və ya durmasına görə də 100 manat cərimə tətbiq ediləcək.
İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 346.7-cı maddəyə əsasən, velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə yüz manat məbləğində cərimə ediləcək.
Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Infoteka.az