Moskvanın şimalında avtomobilin partladılmasında şübhəli bilinən Rusiya vətəndaşı Yevgeni Serebryakov Türkiyədə ələ keçirilərək Rusiyaya aparılıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Rusiya Federasiyasının FTX-i Rusiya Daxili İşlər Nazirliyi ilə birlikdə Türkiyə Respublikasının xüsusi xidmət və hüquq-mühafizə orqanlarının köməyi ilə Bodrum şəhərində saxlanılan və beynəlxalq axtarışda olan Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Yevgeni Nikolayeviç Serebryakov iyulun 26-da Rusiyaya gətirilib”, - deyə məlumatda bildirilir.
Şübhəli sonrakı təhqiqatın aparılması üçün prokurorluq əməkdaşlarına təhvil verilib. Qeyd edək ki, Serebryakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222.1-ci (qəsdən adam öldürməyə cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur.