Infoteka.az
Sosial

Media Reyestrinə hansı jurnalistlər daxil ediləcək və nə kimi güzəştlər ediləcək? - MEDİA nümayəndəsi AÇIQLADI

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova “Trend”in suallarını cavablandırıb.

İnfoteka.az həmin müsahibəni təqdim edir:

Pərvanə xanım, artıq Media Reyestrinin aparılması Qaydaları təsdiq olundu. Sizcə, Reyestrin əhəmiyyəti nədən ibarət olacaq?

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Media Reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında” Fərman imzalayıb. “Media haqqında” Qanunun 73.6-cı maddəsinin icrası məqsədilə təsdiq olunmuş Qaydaların məqsədi Media Reyestrinin aparılmasının təşkilati və hüquqi aspektlərini tənzimləməkdən ibarətdir.

2022-ci il 8 fevral tarixində “Media haqqında” Qanunun təsdiqindən sonra Media Reyestrinin aparılması üçün həm hüquqi, həm də proqram təminatı baxımından müəyyən işlər həyata keçirilib. Qaydaların təsdiq edilməsi ilə hüquqi təminatın ilkin mərhələsi istiqamətində növbəti mərhələ yekunlaşıb və hazırda Reyestrin proqram təminatının hazırlanması üzrə işlər başa çatmaq üzrədir.

Fərmana əsasən, elektron informasiya ehtiyatı kimi Media Reyestri yaradılır və media subyektləri, onların redaksiyaları, jurnalistlər haqqında məlumatlar reyestrə daxil edilir. Reyestrə daxil edilmiş media subyektlərinə Media Reyestri Şəhadətnaməsi, jurnalistlərə isə vəsiqə veriləcək.
Şəhadətnamənin müddətsiz, jurnalist vəsiqəsinin isə 3 il müddətinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, jurnalist vəsiqəsinin verilməsi media subyektlərinin özləri tərəfindən əməkdaşlarına vəsiqə vermək hüququnu istisna etmir və jurnalistlərin reyestrə daxil edilməsi tamamilə könüllü xarakter daşıyır.

Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər üçün hansısa güzəşt və imtiyazlar nəzərdə tutulurmu?

Öncəliklə vurğulamaq istərdim ki, Media Reyestrinin formalaşması müvafiq sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına töhfə verəcək. Sizin də qeyd etdiyiniz kimi, Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Yəni Media Reyestri jurnalistlərin informasiya təminatını yaxşılaşdıracaq, akkreditasiya prosesini asanlaşdıracaq və informasiyanı onlar üçün daha əlçatan edəcək, media subyekti və jurnalistlərin əhatə dairəsi müəyyən olunduqca güzəştli kreditlər də daxil olmaqla dövlətin tətbiq etdiyi digər imtiyazlardan da faydalana biləcəklər. Ümumiyyətlə, Media Reyestrinin aparılması gələcəkdə media subyektləri və jurnalistlər üçün müxtəlif layihələrin həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslandırılmasını formalaşdırmağa imkan verəcək, media sahəsində keyfiyyətli xəbər istehsalının təmin olumasına, müəllif hüquqlarının qorunmasına, sağlam rəqabət mühitinin yaranmasına təsirsiz ötüşməyəcəkdir.

Media Reyestrinə daxil edilmək üçün nəzərdə tutulan tələblərə də aydınlıq gətirərdiniz…

Bəli, jurnalistlər Media Reyestrinə daxil edilmək üçün qanunla nəzərdə tutulan bir sıra tələblərə cavab verməlidirlər. Həmin tələblərdən biri də jurnalistin ali təhsilinin olmasıdır. Ali təhsil tələbi jurnalistika sahəsində ali təhsilin olmasını nəzərdə tutmur, yəni istənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir. Bir daha qeyd etmək istərdik ki, Media Reyestri jurnalistlər üçün könüllüdür və Reyestrə daxil edilmək üçün müraciət etməyən, o cümlədən orta təhsilli jurnalistlər də öz peşə fəaliyyətini sərbəst şəkildə davam etdirə biləcək.

Media Reyestrinə daxil edilmək üçün tələblərdən biri də jurnalistika sahəsində ən azı 3 il staja malik olmaqdır. Bu təcrübə əmək müqaviləsi əsasında fəaliyyət göstərilən illəri əhatə edir. Ümumiyyətlə, staj anlayışı məhz əmək müqaviləsi ilə rəsmiləşdirimiş münasibətləriə şamil olunan anlayışdır.

Infoteka.az