Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan katolik xristianların ruhani lideri və Roma Papası Fransisk ilə telefon əlaqəsi saxlayıb.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan görüş zamanı Paris Olimpiya Oyunlarının açılış mərasimində nümayiş etdirilən əxlaqsız nümayişlərin reaksiyalara səbəb olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan ifadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin tapdalandığını, dini və əxlaqi dəyərlərin ələ salındığını, bunun xristian dünyası qədər müsəlmanları da incittiyini və bunlara qarşı birgə mövqe nümayiş etdirməyin vacibliyini vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, insanları birləşdirmək üçün keçirilən Olimpiya Oyunları zamanı dini dəyərlərə meydan oxumaq, təbliğat aparmaq dünyanın mənəvi cəhətdən çökdüyünü göstərir.
Türkiyə Prezidenti İsrailin Qəzzaya hücumlarının soyqırıma çevrildiyini, ciddi humanitar böhranın yaşandığını, İsrailin bəzi dövlətlərin ona verdiyi diplomatik, iqtisadi və hərbi çətir altında qətliamlar həyata keçirdiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan ''Həmas'' başçısı İsmayıl Haniyənin öldürülməsi və Livana hücumun İsrailin bütün bölgə, dünya və insanlıq üçün təhlükə olduğunu bir daha nümayiş etdirdiyini qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın siyasi, təhlükəsizlik və ictimai quruluşuna daimi ziyan vurmadan Papa Fransiskin İsraili dəstəkləyən ölkələrlə hücumların dayandırılması və daimi sülhün təmin edilməsi üçün danışıqlar aparmasının faydalı olacağına inandığını bildirib.
Roma Papası Fransisk də öz növbəsində sülhün bərqərar olması üçün göstərdiyi səylərə və dini dəyərlər mövzusundakı həssaslığına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.