"Hazırda Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür".
Bunu açıqlamasında 51 saylı Şirvan seçki dairəsindən namizədliyini irəli sürmüş İlkin Nurəliyev deyib.
Nuraliyev Azərbaycanın xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib:
"Öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Müstəqillik əldə edildikdən sonra Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb. Ölkəmiz tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün kifayət qədər təcrübəyə sahibdir.
Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini xüsusi ilə qeyd etmək olar. Bu il Azərbaycan növbəti ən böyük beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Azərbaycan artıq təkcə Qafqazın qabaqcıl dövləti yox, eyni zamanda dünyanın düzəninə yön verən beyin mərkəzlərindən birinə çevrilib. Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir".
Onun sözlərinə görə, Azərbaycan bərpaolunan enerji sahəsində böyük potensiala, imkanlara malik olduğundan qlobal iqlim dəyişikliyinə, o cümlədən qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verməyi qarşıya hədəf qoyub:
"Hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə müsbət nəticələrə nail olmaq üçün bütün imkanlarını səfərbər etməklə "yaşıl keçid"lə bağlı gündəliyini inkişaf etdirir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritetidir. COP29 ölkəmizin “yaşıl enerji” siyasətinə eləcə də ölkəmizin dünyada artan nüfuzuna töhfə verəcəkdir".