Infoteka.az
Sosial

Barmaqarası baxılan insan hüququ - istirahət

Qaçaqaçlı, həm fiziki, həm mənəvi yüklü həyatda bəzən dayanmaq lazım gəlir. Texnologiyalar nə qədər inkişaf etsə də, davamlı şəkildə çalışan robotları, texnoloji avadanlıqları belə bir düymə ilə "istirahətə" göndərirlər. Saatlarla eyni bir işlə məşğul olduqdan sonra nə beynimiz, nə də vücudumuz əvvəlki kimi aktiv fəaliyyət göstərə bilir. Gün sonunda insanda tükənmişlik hissi yaranır. Təəssüf ki, bir qrup insan bu vəziyyətdən asanlıqla çıxa bildiyi halda, bir çoxlarının tətil hüququ olmadığı üçün bu yükün əbədi daşıyıcısına çevrilirlər.

Tətil, istirahət təkcə insanın fərdi psixologiyasına deyil, onun digər insanlara münasibətinə də ciddi təsir göstərir. Təbii ki, burada əsas məsələ tətilin necə keçməyindən asılıdır. Tətilin insanın həm fiziki, həm mənəvi rifahına müsbət təsir göstərməsi üçün onun keyfiyyətli təşkili əsas məsələdir. Lakin bəzi insanların fikrincə, ağır iş dönəmindən sonra işçilər üçün təqdim olunan tətil müddəti onlara kifayət etmir. Həmçinin maddi sıxıntılar da burada özünü göstərir. Bəs bu gün ölkəmizdə hər kəs tətil hüququndan kifayət qədər yararlana bilirmi?

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı fikirlərini bizimlə bölüşərkən bildirib ki, tətillər olmasa, işçilər keyfiyyətli iş nümayiş etdirə bilməzlər: "İnsan il ərzində çalışır, enerji sərf edir və bununla da insanlarda tükənmə sindromu yaranır. Ona görə də tətillər qanunauyğun və məqsədəuyğun şəkildə nəzərdə tutulan bir prosesdir. Bu proses zamanı insan psixoloji və enerji baxımından bərpa olunur. Lakin bu bərpa prosesi mərhələ-mərhələ baş verir. Çünki tətilin ilk günlərində hələ də insan iş normativi ilə yaşayır, iş gərginliyini tam özündən qova bilmir, həmçinin tətildən qayıdanda da ciddi iş rejiminə adaptasiya olmaq bir müddət çəkir. Tətilsiz yaşamaq mümkün deyil. Çünki insan həm fiziki, həm psixoloji baxımından yorulur. Tətil olmadan, insanlar iş keyfiyyətini nümayiş etdirə bilməz. Hətta bəzi ölkələrdə iş saatları, iş həftəsi azaldılır və yaxud növbəli iş həftəsi yaradılır ki, insanlar tükənmədən, peşəkar yanmaya məruz qalmadan iş keyfiyyəti nümayiş etdirə bilsinlər". Sosioloq qeyd edir ki, həm tətil mühitindən iş mühitinə, həm də iş mühitindən tətil mühitinə keçid asan proses deyil: "Tətil edən şəxslər özlərində bir rejim formalaşdırmalıdılar. İşin iş vaxtı, tətilin tətil vaxtı var və insan bir rejimdən digər rejimə keçid üçün fiziki, psixoloji və intellektual baxımdan özünü hazırlamalıdır. Bu mexanizmi formalaşdıra bilsə, insan psixoloji olaraq heç bir adaptasiya çətinliyi ilə qarşılaşmaz. Gözəl istirahət etməlisən ki, yaxşı, funksional iş keyfiyyəti nümayiş etdirə biləsən. Tətilsiz, istirahətsiz keyfiyyətli iş mümkünsüzdür. Ona görə də, müəssisələr əməkdaşlarının keyyfiyyətli şəkildə tətil keçirmələrinə maraqlı olmalıdır ki, işdə psixoloji iqlim, iş keyfiyyəti yaxşı olsun. Bu gün tətildən ölkəmizdə istifadə imkanları çox zəifdir. Çünki insanların əmək haqları ilə ölkə daxilindəki istirahət mərkəzlərindəki qiymətlər, xidmətlər uyğunluq, adekvatlıq təşkil etmir. İnsanların əksəriyyəti tətili evlərində, xiyabanlarda, parklarda keçirir, ucuz, bəzən isə pulsuz əyləncə məkanları axtarırlar. Buna görə də səmərəli tətil keçirmirlər. Müəssisələr işçilərinin səmərəli tətil keçirmələrində maraqlı olmalı, işlərini bu istiqamətdə düzgün qurmalıdılar ki, işçilər tətildən qayıtdıqdan sonra faydalı iş əmsalları yüksək olsun. Amma etiraf edək ki, ölkəmizdə hələ ki bu istiqamətdə arzuolunan səviyyədə tədbirlər görülmür. Mən çox istərdim ki, cəmiyyətimizdə bu mövzuya ciddi yanaşılsın. Bir daha qeyd etmək istəyirəm ki, yaxşı istirahət etməyən işçi yaxşı fəaliyyət göstərə bilməz. Gərginliyi, tətildəki diskomfortu işə daşımaqla keyfiyyətli iş nümayiş etdirmək müşkül məsələdir. Buna görə də hər bir müəssisə çalışmalıdır ki, iş mühitində psixoloji iqlimin, əmək məhsuldarlığının yaxşı olması üçün sosiometrik sorğular keçirilməlidir, keyfiyyətli tətilin keçirilməsi ilə bağlı tədqiqatlar aparılmalıdır, eyni zamanda onların sağlamlığının qeydinə qalmalıdır. Peşəkar kadrların hazırlanması asan proses deyil və belə kadrların dəyəri bilinməlidir. Hesab edirəm ki, vətəndaşlarımızın öz tətil müddətini daha yüksək səviyyədə keçirməsi üçün biz hələ çox çalışmalıyıq".

Ü.Şəfiyev istirahət mərkəzlərində xidmət, servis haqları ilə insanların gəlirləri arasında balans yaradılması vacibliyini də vurğulayıb: "İnsanların gəlirlərinə uyğun xidmətlər təşkil olunmalıdır. Mənə elə gəlir ki, dövlət bu qiymət siyasətinə müdaxilə etməlidir. Monitorinqlərin keçirilməsinə ehtiyac var. Cəmiyyətimizdə faydalı istirahət bir qrup insan üçün əlçatandırsa, böyük əksəriyyət üçün bu, əlçatmazdır. Ona görə qiymət, xidmət, servis siyasətinə nəzarət olunmalıdır. Sosial dövlət quruculuğu prosesindəyik və bu siyasətdə insan faktoru birinci amildir. Biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşuq və bu siyasətə görə heç kim kənarda qalmamalıdır, hər kəs üçün hər şey əlçatan olmalıdır, bərabər imkanlar və bərabər şanslar yaradılmalıdır. Ancaq baxırıq ki, insanlar əmək sərf edirlər, işləyirlər, amma tətil keçirmək üçün gəlirləri bəs etmir. Real qiymət vitrini ilə əhalinin gəliri arasında böyük həndəsi fərqlər var. Xidmətin keyfiyyəti belə digər ölkələrlə müqayisədə aşağıdır. İstirahət mərkəzində fəaliyyət göstərən işçilərlə tətilə gələn insanlar arasında tez-tez ünsiyyət probleminin yarandığının şahidi oluruq".

Psixoloq Aygün Cəfərova bildirib ki, faydalı tətil keçirmək üçün insanlarda düzgün tətil anlayışı olmalıdır: "Tətil müddətini insan faydalı şəkildə keçirə bilirsə, o zaman insanın beyni, ruhu, bədəni dincələ bilir. Təbii ki, düzgün tətil sayəsində insan sağlam formatda, düşüncədə, emosianal durumda yenidən işə, məktəbə qayıdış edir. Tətilin uğurlu olması müddətdən asılı deyil. Məsələn, tutaq ki, yay tətili 3 ay deyil, 5 aydır və əgər uşaq 5 ay müddətində yay tətilini faydalı keçirmirsə, təbii ki, burada müddətin əhəmiyyəti olmur. Amma elə olur ki, bir aylıq və ya bir neçə həftəlik tətil o qədər faydalı keçir ki, insan daha effektiv nəticə əldə edə bilir. Burada önəmli olan odur ki, insan bilməlidir, onun üçün tətil anlayışı nədir, ruhunun, bədəninin nəyə ehtiyacı var. Bu ehtiyacların ödənilməsi insanın tətil ehtiyacının ödənilməsinə gətirib çıxarır".

Sosioloq Mail Yaqub isə bildirib ki, tətil insan psixologiyasına çox güclü müsbət təsir göstərə bilər, amma bir şərtlə ki, tətil müddəti düzgün dəyərləndirilsin: "İstirahət, tətil barədə insanın aydın təsəvvürü olmalıdır, hətta bu barədə təlimlər keçirilməlidir ki, biz tətildən düzgün yararlanaq. Əgər biz tətilə gediriksə, orda da yenə düşüncəmiz, fikrimiz işdə qalırsa, maddi məsələlərə fokuslanırıqsa, tətildə işdəki problemlərdən danışırıqsa, tətilə getdiyimiz şəxslərlə konflikt yaşayırıqsa, o tətil bizə müsbət təsir göstərə bilməz. Tətil o zaman insana müsbət təsir göstərir ki, insan daxili dünyası ilə harmoniya yaşasın, özündə olsun. Tətildən zövq alsın, özünü işdən, həyatdan ayıra bilsin, hüzura çata bilsin. Hüzura çata bilməyin tək yolu konfliktdən, qeybətdən uzaq olmaqdır. İnsan özüylə baş-başa qala bilsin ki, istirahət edə bilsin. Yoxsa ki dünyanın ən gözəl məkanında, istirahət mərkəzində tətil keçirməyə get, amma beynin, fikrin yenə də işdə, işdəki problemlərdə qalsın, gün ərzində bütün fikrin, düşüncən o problemlər olsun, o zaman sən tətildən zövq ala bilməzsən. Tətildə əsas məsələ budur".

Bəs ölkəmizdə işçilər üçün təyin olunmuş tətil müddəti onlara kifayət edirmi? Bu məsələyə də toxunan sosioloq mövcud qanunvericilikdə işçilərə ilin müəyyən günləri məzuniyyət və tətilin nəzərdə tutulduğunu bildirib: "Qanun yerindədir, lakin baxaq görək bu qanuna nə dərəcədə riayət olunur? İşçilərin hüquqları qorunurmu? Bəzi yerlərdə işçilər gün ərzində 8 saat işləməli olsalar da, qanunsuz olaraq 2-3 saat artıq işlədilirlər. Belə ağrılı məqamlar az deyil. Başqa məsələ işçinin tətilini səmərəli keçirməsidir. Amma onların buna imkanı çatırmı, gəlirləri buna imkan verirmi? Başqa bir məsələ isə həftə içi 6 günlük iş rejimidir. Təəssüf ki bəzi müəssisələrdə bu rejim tətbiq olunur. Bu, tam yanlış sistemdir. Həftədə işçilərə ən azı 2 gün tətil verilməlidir".

Doğru şəkildə təşkil olunmuş, planlaşdırılmış tətillər insanın psixoloji və fiziki rifahına müsbət təsir göstərir. Gərgin iş mühitində mütəmadi olaraq fəaliyyət göstərmək işin keyfiyyətinin azalmasına gətirib çıxarır. Buna görə də, bütün sosial təbəqələrdən olan insanlara eyni imkanlar yaradılmalıdır. Hər halda, aldığı qazancdan asılı olmayaraq hər kəs müəyyən qədər əziyyət çəkir və hər kəsin birmənalı olaraq istirahət etmək haqqı var.

Ləman İLKİN

Infoteka.az