Infoteka.az
Sosial

Sayı iki dəfə azalan taksilər yenə BAHALAŞACAQ – Bu TARİXDƏN

Azərbaycanda bir aydan çoxdur taksilər yeni qaydalarla fəaliyyət göstərir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mətbuata açıqlamasında taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra xidmət keyfiyyətinin yüksəlməsinin müşahidə edildiyini deyib. O, paytaxtda taksi sayının 2 dəfə azaldığını, 67-70 mindən 35 minə endiyini qeyd edib.

Taksilərin sayı 2 dəfə azalıb?

Məlumdur ki, hazırda yay mövsümüdür. Bakıda təhsil alan minlərlə tələbə tətildədir, həmçinin, yay ayları olduğu üçün məzuniyyətdə olan işçilərin də sayı çoxdur. Yəni taksilərin sayının 2 dəfə azalması hazırda qıtlıq yaratmasa da yeni mövsümdə bunu demək çətin olacaq. Bununla belə, əvvəllər sifariş verdikdə ünvana 3-5 dəqiqə ərzində gələn taksilər indi sifarişi daha gec yerinə yetirirlər.

Bəs müşahidələr nə göstərir? Yeni mövsümdə, dərslər başlayanda Bakıda əlavə taksilərə ehtiyac yarana bilərmi?

Məsələ ilə bağlı danışan nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov bildirib ki, dərs ili başlayanda yüklənmələrin olması ənənəvidir:

“Hər il dərs mövsümü ilə əlaqədar olaraq taksilərinin qiymətinin bahalaşması müşahidə olunur. Bu, bir ənənə halını alıb. Həmçinin, tələbatdan asılı olaraq yükləmələr baş verir. Bu yükləmələr dərs ili başlayandan ilk üç ay davam edir. Tədricən payızın sonu qış mövsümündə proses ləngiyir. Bu gün Bakı şəhər ərazisində taksi qiymətlərinin təyin olunması, o cümlədən, taksi fəaliyyətiiə məşğul olacaq şəxslərə qarşı müəyyən qaydaların tətbiq olunması taksi sayının azalmasına gətirib çıxardı”.

“Taksi bolluğu yaranacaq”

Ekspert hesab edir ki, müəyyən yumşalmalar nəzərdə tutulub və bu taksi sayının artımına müsbət təsir edəcək:

“Taksi sayı nəzərdə tutulmuş və proqnozlaşdırılan say qədər olmadı. Çünki qiymətlərin artması və qaydaların tətbiqi, avtomobillərə qoyulan şərtlər daxilində nəqliyyat vasitələrinin idarə olunması çətinləşdi. Sahibkarlar üçün əlçatan olmadığı üçün say azalmağa başladı. Bu gün müəyyən yumşalmalar var, bunun nəticəsində taksi bolluğunun yaranacağına ümidlər artır”.

Infoteka.az