Əlişah qalasında XII-XIV əsrə aid olan tapıntılar aşkar olunub.
Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişah qalasında arxeoloji tədqiqatlar iyul ayının 15-dən başlayıb.
Tədqiqatlar zamanı qalada otaqlar, miniatür saxsı materiallardan hazırlanan kaşılar və 8 metr uzunluqda saxsı borudan hazırlanan kanalizasiya xətti aşkarlanıb.
Ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev bildirib ki, aşkar olunan maddi-mədəniyyət nümunələri əsasən XII-XIV əsrləri əhatə edir. ”Həmin kaşıların qalada aşkar olunması, burada memarlıq üslubunda olan çox möhtəşəm bir binanın olmasının göstəricisidir. Burada 8 metr uzunluqda saxsı borudan hazırlanmış kanalizasiya xətti aşkar olunub, bu da o deməkdir ki, biz qazıntının fundamentinə gəlib çatmışıq.
Fundamentin ərazisində, bunu ona görə qeyd edirik ki, döşəmə qatlarının hər bir tikinti qalıqlarının otaqların daxilində aşkar olunmaqdadır. Bu qalanın özəlliyi ondan ibarətdir ki, fenomen qaladır və el arasında buna Divəkə qalası, divlər evi adlandırırlar”.
Ekspedisiyanın üzvü Ülkər Camalova bildirir ki, qalada daha çox fayans tipli keramika nümunələri üstünlük təşkil edir. “Kaşı nümunələri XII əsrin ortalarından XIII əsrin əvvəllərinə qədər məhz firuzəyi rəngdə üstünlük təşkil edirdi. XIII əsrin ortalarından XIV əsrin əvvəllərinə qədər artıq bu rəng çalarları genişlənməyə başladı. Tünd göy, mavi, qara rəngli, ağ rəngli həmçinin şirli daha çox nümunələrinə rast gəlinir.
Qeyd edək ki, Alaşa kəndi ərazisində, 70 metr hündürlükdə yerləşən müdafiə istehkamı Əlişa qalası, İran İslam Respublikası ilə həmsərhəddir. Qaladan həmçinin Xəzər dənizi açıq müşahidə olunur. Bu da o deməkdir ki, ərazi müşahidə qalası kimi düzgün strateji mövqedə seçilmişdir.