"UEFA tərəfindən klublarımızın Belarusda oyun keçirməsinə qoyulan məhdudiyyətlər səbəbindən yaranmış vəziyyətə görə Minsk "Dinamo"su avropakubokların ev oyunlarını keçirmək üçün bir neçə variantı nəzərdən keçirir".
"Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına stadion bizim üçün prioritet variantlardan biri kimi nəzərdən keçirilir. Lakin bu məsələdə bütün tərəflərin, yəni Azərbaycan, Belarus və ən əsası - UEFA-nın razılığı lazımdır. Bundan əlavə, təhlükəsizliyin təmin edilməsi, şəhər hakimiyyətinin və bilavasitə "Sumqayıt" klubunun icazəsi mühüm əhəmiyyət kəsb edir.
Göstərilən bütün məsələlər razılaşdırıldığı təqdirdə "Dinamo" müvafiq bəyanat yayacaq", - deyə Minsk komandasının Mətbuat Xidmətindən vurğulayıblar.
"Dinamo Minsk" Azərbaycanda keçirilməsi gözlənilən matçına azarkeşlər buraxılmayacaqlar.
Klubun mətbuat katibi Zaur Xudiyev qeyd edib ki, "Dinamo Minsk"in avrokubok matçının Sumqayıt şəhər stadionunda keçirilməsi hələ ki dəqiqləşməyib:
"Hazırda UEFA və klublarla üçtərəfli danışıqlar davam edir. Danışıqların yekununda görüşün Sumqayıtda keçirilməsi nəzərdə tutulsa belə, qarşılaşmaya azarkeşlər buraxılmayacaqlar".
Xatırladaq ki, Ukraynada münaqişə başladıqdan sonra Avropa futbol rəsmiləri Belarus futboluna sanksiyalar tətbiq ediblər. Bu ölkənin komandalarına və milli yığmalarına Belarusda klub və milli komandaları qəbul etmək qadağan edilib, yalnız neytral meydançada və tamaşaçısız oynamağa icazə verilib. İki il yarım ərzində belaruslar rəqiblərini Serbiyada, daha sonra isə Macarıstanda qəbul ediblər.
"Dinamo Minsk"in Avropa Liqasının pley-off mərhələsində "Anderlext"lə oyunu isə avqustun 22-də Macarıstanın Mezekeveşd şəhər stadionunda keçiriləcək.