Infoteka.az
Dünya

Politoloq: “İran PUA-ları Ukraynadakı müharibənin gedişinə təsir etmək gücündə deyil"

"İran köhnəlmiş hərbi texnika istehsal edir, İranda istehsal olunan pilotsuz uçuş aparatları (PUA) Ukraynadakı müharibənin gedişinə təsir etmək gücündə deyil".

Bunu report-a açıqlamasında ukraynalı politoloq Yuri Rayxel Rusiya Silahlı Qüvvələrinin Ukraynada İran istehsalı olan PUA-lardan istifadəsini şərh edərkən deyib.

"Məlum oldu ki, bu, çox keyfiyyətsiz silahdır. Xarici mətbuat yazır ki, bu dronların elan edilmiş uçuş məsafəsi 2500 km-dir, lakin onlar 2500 km məsafəyə buraxılırsa, onun faydalı yükü 100 qram olur. Əgər bu dronlar 300-350 km məsafəyə buraxılarsa, onların faydalı yükü 1,5-2 kq-dək artır. Yəni bu, döyüş meydanı üçün yararlı silah deyil”, - o vurğulayıb.

Onun sözlərinə görə, Qərbin kamikadze tipli PUA-larından fərqli olaraq, İran dronları yalnız arxa cəbhədə yerləşən və ciddi şəkildə mühafizə edilməyən mülki hədəflərə zərbə endirmək üçün istifadə oluna bilər: "İran PUA-ları öz-özlüyündə son dərəcə keyfiyyətsizdir və onları adi atıcı silahlarla asanlıqla vurmaq mümkündür. Onlar radio ilə idarə olunmur, müəyyən istiqamətə buraxılmır və mərmi kimi hərəkət edir, müəyyən edilmiş istiqamətdən yayına bilmir. Bundan başqa, İran dronları aşağı hündürlükdə uçur".

Ekspert bildirib ki,  hazırda İranın PUA-ları ilə mübarizə alqoritmləri işlənir: "Rusiya nahaq yerə İrandan, təxminən, 2500 dron sifariş edib. İran hərbi və texniki baxımdan geridə qalmış dövlətdir, onun bu gün istehsal etdiyi silahlar, o cümlədən PUA-lar dünənin hərbi texnikasıdır".

Ukraynalı politoloqun fikrincə, İran Rusiyaya silah satmaqla ilk növbədə qazanc əldə etmək məqsədi güdür. "İranın PUA-ları elə də baha deyil, amma müəyyən qazanc əldə etmək mümkündür. İkinci amil psixoloji məqamdır. Əgər Qərb Ukraynanı dəstəkləyirsə, İran da Qərbə qarşı olanı dəstəkləməlidir. Hazırda bu, Rusiyadır. Deməli, İran Rusiyanı dəstəkləməlidir, indiki məqamda bu rəsmi Tehran üçün faydalıdır”.

Politoloqun sözlərinə görə, xüsusən də 44 günlük müharibədə qazandığı zəfər nəticəsində ərazi bütövlüyünü bərpa etməsindən sonra Azərbaycanın Cənubi Qafqazda güclənməsi İranı daha da gərginləşdirir. "Rəsmi Bakı ilə Ankara arasında əməkdaşlıq getdikcə güclənir və bu, İran tərəfini çox narahat edir. İran Rusiyaya ona görə yaxınlaşıb ki, Rusiya gələcəkdə Cənubi Qafqazdakı problemlərin həllində ona kömək etsin".

Infoteka.az