Infoteka.az
Sosial

Polkovnik-leytenant: “Formula 1 yarışları tam şəkildə yanğından təhlükəsiz formada hazırlanır”

“Bakı şəhərində keçiriləcək 2024-cü il Formula 1 Azərbaycan Qran Prisinin hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən birgə təşkil olunan marşallar üçün növbəti, 5-ci təlim keçirilib”.

Bunu açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Əməliyyat planlaşdırma şöbəsinin rəisi, polkovnik-leytenant Elvin Ağayev deyib.O bildirib ki, təlim Nazirliyinin Akademiyasında iki hissədən ibarət olmaqla təşkil olunub:

“Bunlar nəzəri və praktik hissələrdir. Nəzəri hissədə marşallara halqada baş verəcək yanğınlar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyinə dair təlimatlar verilib. Praktik hissədə isə halqada baş verən yanğınlar zamanı istifadə olunacaq xüsusi texnika və avadanlıqlarla işləmək qaydaları öyrədilib. Təlimdə 200 nəfərə yaxın marşal iştirak edib ki, onlardan 68 nəfəri FHN-in peşəkar yanğınsöndürən və xilasediciləridir. Əlavə olaraq onu da qeyd edim ki, yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30 ədəddən çox xüsusi texnikası və 400 nəfərə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulub”.

İndiyə kimi, Bakıda keçirilən Formula 1 yarışlarında hər hansı bir bədbəxt hadisənin baş verib, verməməsilə bağlı polkovnik-leytenant deyib ki, tədbirdən əvvəl 3 ay ərzində hazırlıq dövrü gedir:

“Nazirliyin adiyyatı qurumlarının mütəxəssisləri tədbir yerinə cəlb olunur. Tədbir tam şəkildə yanğından və tikintidən təhlükəsiz formada hazırlanır. Bu günə qədər də belə bədbəxt hadisə baş verməyib”.

Infoteka.az