Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun strukturunda qismən dəyişiklik edilib.
Bu barədə İnfoteka.az-a İnstitutdan bildirilib.
Qeyd olunub ki, “Ekosistemlərin fitososiologiyası” şöbəsində aparılan tədqiqat işləri geobotaniki xarakter daşıdığından şöbənin adı dəyişdirilərək “Geobotanika” şöbəsi adı ilə əvəz olunub. Bu qərar Botanika İnstitutunda 1936-2017-ci illərdə fəaliyyət göstərmiş “Geobotanika” şöbəsinin bərpasına və vaxtilə bu şöbədə aparılmış işlərin daha müasir, yeni elmi çağırışlara və tələbatlara uyğun şəkildə davam etdirilməsinə təkan verəcəkdir. Sözügedən şöbədə Azərbaycanın bitki örtüyünün bərpası, fitomüxtəlifliyinin təhlükəsizliyi və geobotaniki xəritələrinin, atlaslarının hazırlanması və s. üzrə elmi istiqamətlər həyata keçiriləcəkdir.
İnstitutda həmçinin, yeni Biomorfologiya və fitointroduksiya şöbəsi yaradılıb. Biomorfologiya və fitointroduksiya şöbəsində tədqiqatlar əsasən 2 elmi istiqamət (biomorfologiya və fitointroduksiya) üzrə aparılacaqdır.
Şöbənin elmi istiqamətlərinə görə yerli floranın qiymətli sənaye əhəmiyyətli endemik, relikt və məhv olmaq təhlükəsi altında olan bitkilərinin biomorfoloji, bioekoloji tədqiqi, mühafizəsi, bərpası, introduksiyası və reintroduksiyası işləri yerinə yetiriləcəkdir. Eyni zamanda Botanika İnstitutunun Kürdəmir və Zaqatala rayonlarında yerləşən (Karrar təcrübə dayaq məntəqəsi və Zaqatala təcrübə dayaq məntəqəsi) təcrübə dayaq məntəqələrində təsərrüfat baxımından qiymətli sənaye əhəmiyyətli yerli yabanı nadir və endemik növlərin genofond kolleksiyası və reproduksiya tingliyi yaradılacaq, onların xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilməsinin elmi əsasları öyrəniləcək.