"Noyabrdakı təlim-məşq toplanışı üçün komandalar axtarırdıq. Federasiyada bu işlə məşğul olan şəxslərdən rəqiblərin bizdən qat-qat güclü olmasını istədim".
Bunu report-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev yoldaşlıq görüşləri üçün İsveç və Macarıstan yığmalarını seçməsi barədə danışarkən deyib.
43 yaşlı mütəxəssis bir ay əvvəl Moldova millisi ilə üz-üzə gəldiklərini və görüşdə qolsuz bərabərliyin qeydə alındığını xatırladıb.
Əliyev rəqiblərin güclü olmasının komandaya xeyir verəcəyini söyləyib: "Həmin matçlarda oyunçuların potensiallarını, çatışmayan cəhətlərimizi görəcəyik. Bütün bunları biləndən sonra hansı məqsədlər uğrunda mübarizə aparacağımızı aydınlaşdıracağıq".
Baş məşqçi Albaniya, Şimali Makedoniya və Malta yığmaları ilə üz-üzə gəlmək ehtimallarının olduğunu, lakin buna razılıq vermədiyini sözlərinə əlavə edib: "Bu, özümüzü aldatmaq olardı və mən razılıq vermədim. Heç kimə yuxarıdan aşağı baxmaq fikrində deyilik. Macarıstan və İsveçlə görüşmək imkanı yarandı və bundan istifadə edirik. Nəyə qadir olduğumuzu bilmək istəyirik. Məqsədimiz martda start götürəcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır. İsveç futbolu göz qabağındadır. Macarıstanın UEFA Millətlər Liqasında hansı nəticələr qazandığını gördünüz. Gəncləri də üst səviyyədədirlər. Biz hər vaxt belə güclü rəqiblər tapa bilmirik".
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 17-də Türkiyənin Antalya bölgəsində Macarıstanla, 3 gün sonra isə İsveçlə üz-üzə gələcək.