“Mövcud geosiyasi vəziyyətdə və Avropadakı enerji böhranı səbəbindən Azərbaycan Avropa İttifaqına (Aİ) enerji resurslarının, ilk növbədə təbii qazın təchizatı məsələsində müəyyən yer tutacaq ölkələrdən birinə çevrilə bilər”.
Bunu report-a açıqlamasında gürcüstanlı politoloq Arçil Sixarulidze deyib.
Onun sözlərinə görə, Gürcüstan da mövcud və planlaşdırılan layihələrin maksimum şəkildə həyata keçirilməsində Azərbaycana dəstək verəcək: “Rəsmi Tbilisi bu məsələdə çox maraqlıdır, çünki o, hər zaman tranzit ölkə rolunu oynayıb. Bundan başqa, Gürcüstanın Avropaya enerji böhranından çıxmasına kömək etməsi ideoloji baxımdan da vacibdir”.
Ekspert bildirib ki, enerji təhlükəsizliyi iki ölkə arasında əməkdaşlığın əsas sahəsidir və bunu daha da inkişaf etdirmək lazımdır.
O əlavə edib ki, Prezident İlham Əliyevin bəyanatı əsasında Azərbaycan da bununla bağlı addımlar atıb.
Bundan başqa, A.Sixarulidze vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq artıq yüksək səviyyədədir, lakin hazırda tərəfdaşlıq münasibətləri Rəsmi Tbilisi üçün yeni səviyyəyə qaldırıla bilər: “Gürcüstan Aİ-yə gedən yolunu asanlaşdırmaq üçün enerji təhlükəsizliyi məsələsində ona kömək etmək istəyir. Azərbaycan Aİ-yə neft və təbii qaz tədarükü ilə buna töhfə verə bilər”.