Infoteka.az
Sosial

5 aydır təmirə bağlanan 8 noyabr prospektində işlər nə vaxt YEKUNLAŞACAQ?

Bakının bir sıra yollarında təmir işləri aparılır. Uzun müddətdir əsaslı təmir olunan yollardan biri də 8 Noyabr prospektidir. Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində təmir işlərinə mayın 23-dən etibarən start verilib və mərhələli şəkildə işlər davam etdirilir. Xəqani Rüstəmov küçəsi ilə kəsişən hissədən 8 noyabr prospektinə giriş tam bağlı olduğundan alternativ yol kimi Babək prospektivindən istifadə olunur. 

Məlum olduğu kimi sentyabrın 15-də yeni tədris ili başlayır, həmçinin paytaxtda 13-15 sentyabr tarixlərində “Formula-1” avtomobil yarışlarının növbəti mərhələsi, eyni zamanda noyabr ayında COP29 tədbiri keçiriləcək. 

Hər gün tıxaca səbəb olan təmir işləri nə zaman yekunlaşacaq? 8 Noyabr prospekti bu əlamətdar hadisələrə qədər hazır olacaqmı?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yolun oktyabra qədər hazır olacağını deyib:

“Əsas işlərin dərs ilinin başlamasına qədər yekunlaşdırılması planlaşdırılır. Müəyyən hissələrdə təmir davam edəcək, amma tam olaraq yolun təmiri oktyabr ayınadək yekunlaşmalıdır”.

Qeyd edək ki, layihəyə əsasən aparılan əsaslı təmir işləri çərçivəsində prospekt boyunca 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, ümumilikdə 10 km-ə yaxın velosiped zolağının, bufer zonasının və səkilərin tikilməsi işləri yerinə yetirilir.

Infoteka.az