COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır. Noyabr ayında Bakıda təşkil ediləcək COP29-la bağlı distant təhsilə keçirilməsi, toyların təxirə salınması, iş rejiminin məsafədən olması ilə bağlı qərarlar qəbul edilib. Çünki beynəlxalq konfransla əlaqədar ölkəyə 100.000-ə yaxın turistin gələcəyi və tıxacın olacağı gözlənilir. Bu cür məhdudiyyətlərin qoyulması insanlarda “daha hansı sahələrdə məhdudiyyətlər qoyula bilər?” sualı doğurur.
Cəmiyyətdə yayılan fikirlərə görə, paytaxtda sıxlığın qarşısını almaq üçün COP29 ərəfəsində rayonlardan avtomobillərlə Bakıya gəliş də məhdudlaşdırıla bilər. Qeyd edək ki, bu təcrübə pandemiya dönəmində də yaşanmışdı.
Maraqlıdır, COP29-la bağlı rayonlara gediş-gəlişin məhdudlaşdırılması nə dərəcədə realdır?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ona verilən suallara cavabdan yayınaraq, məsələ ilə bağlı COP29-un təşkilatçıları ilə əlaqə yaratmağı bildirib.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, sıxlığın olması normaldır. Vacib olan odur ki, sıxlıq tıxaca çevrilməsin:
“Bu gün Bakı şəhərinin beş min əhalisi var. Ölkəmizin iqtisadiyyatının böyük hissəsi Bakıda cəmləşib. Yol infrastrukturu da vaxtında yaxşı qurulmayıb, indi də böyük bir irəliləyiş müşahidə etmirik. Amma hər halda rayonlara gediş-gəlişin məhdudlaşdırılması real deyil. Buna ehtiyac da yoxdur”.
“Məhdudiyyətlər qaçılmazdır...”
Nəqliyyat eksperti Elməddin Muradlı isə bildirib ki, COP29-un rahat idarə edilməsi üçün məhdudiyyətlər qoyulmalıdır:
“Bu çox böyük bir tədbirdir. Amma rayonlara gediş-gəlişin məhdudlaşdırılması real görünmür. Yəqin ki, hansısa formada mexanizmi ola bilər. Belə bir qərar qəbul edilməsə də, bunu hansısa yolla nizamlamaq lazımdır. Böyük bir tədbiri daha rahat və təhlükəsiz idarə etmək üçün müəyyən məhdudiyyətlər olmalıdır. Bu qaçılmazdır. Sadəcə vətəndaşlar səbrli və təmkinli davranmalıdırlar”.