Infoteka.az
İqtisadiyyat

Azərbaycanda devalvasiya gözlənilirmi?

Son vaxtlar Azərbaycanda yenidən devalvasiya olacağı ilə bağlı xəbərlər yayılmaqdadır.

Bu məsələ insanlarda çaşqınlığa səbəb olmaqla yanaşı, müəyyən narahatlıqlara da gətirib çıxarır. Kimisi bu xəbərlərin yalan olduğunu, kimisi də prosesin yavaş-yavaş ona doğru getdiyini iddia edir. Əslində proqnoz nədən ibarətdir?

2015-ci ildə manatın ucuzlaşmasına təsir göstərən səbəblər və günümüzdə manatın məzənnəsinə birbaşa təsir göstərə biləcək iqtisadi göstəricilər analiz edilib.

Məlumat üçün deyək ki, devalvasiya milli valyutanın xarici valyuta qarşısında ucuzlaşmasıdır. Bu termin 2015-ci ildə ölkəmizdə daha da məşhurlaşmağa başladı. Belə ki, 2015-ci il fevralın 21-də səhər saatlarında Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutanın devalvasiyasını həyata keçirərək 1 ABŞ dollarının rəsmi məzənnəsinin 0.78 manatdan 1.05 Azərbaycan manatına yüksəldiyini elan etdi. 2015-ci ilin dekabr ayında isə manat dollar qarşısında yenidən ucuzlaşdı və Azərbaycan Mərkəzi Bankı (AMB) üzən məzənnəyə keçdiyini elan etdi. Verilən bu qərar ölkədə çaşqınlıq və müəyyən təşvişə səbəb oldu. Manatın ucuzlaşması iqtisadi subyektlərə çox ciddi təsir göstərdi. Belə ki, əhali tərəfindən istehlak edilən əsas məhsullar - ərzaq, dərman və tibbi ləvazimatlar, məişət avadanlıqları, elektronika, avtomobil və avtomobil ehtiyat hissələri və sair məhsullar bahalaşdı.

Manatın dollar qarşısında ucuzlaşmasından sonra ABŞ dolları ilə kredit götürən vətəndaşlar çox ciddi çətinliklə üz-üzə qaldılar. Çünki o vaxta qədər, adətən, kreditlər dollarla rəsmiləşdirilir, əhaliyə isə manatla verilirdi. Devalvasiya nəticəsində isə xarici valyutada olan borclara görə izafi öhdəlik yarandı. Beləliklə, dollar bahalaşdıqdan sonra əhali kreditlərin qaytarılmasında çətinliklə üzləşdiyindən ümidsiz borcların həcmi bir anda artdı.

İndi isə 2015-ci ildə dolları bahalaşdıran amillərə nəzər yetirək.

Əlbəttə ki, burda ilk nəzər yetirəcəyimiz göstərici 2014-cü ilin sonlarından dünya əmtəə bazarlarında neftin ucuzlaşmasıdır. Belə ki, neftin ucuzlaşması nəticəsində ölkəyə daxil olan valyutanın həcmi azaldı. Bu azalma nəticəsində dollara tələbi qarşılamaq üçün AMB öz valyuta ehtiyatını satışa çıxardı. Bu da öz növbəsində AMB-nin valyuta ehtiyatlarının ciddi şəkildə əriməsi ilə nəticələndi. Aşağıdakı qrafikdə AMB-nin valyuta ehtiyatlarının dəyişməsini görə bilərik.

 

2014-cü il noyabrın sonunda 15 milyard ABŞ dollarına çatan valyuta ehtiyatları 3 ay ərzində 4 milyard dollara yaxın azaldı. İkinci devalvasiyaya qədər isə bu ehtiyatlar yenidən 6 milyard dollara yaxın azaldı. Həmin dövrdə manatın məzənnəsinə təsir göstərən əsas göstərici AMB-nin ehtiyatlarının sürətlə düşməsi idi. AMB manatı ucuzlaşdıraraq öz ehtiyatlarını qorumuş oldu. 2015-ci ilin sonunda ehtiyatların 5 milyard ABŞ dollarına düşməsi vəziyyətin daha da kəskinləşməsindən xəbər verirdi.

Neftin kəskin ucuzlaşması Azərbaycanın strateji valyuta ehtiyatlarını da azaltmışdı. Belə ki, 2014-cü ilin sonunda 50.9 milyard ABŞ dollarına çatan ehtiyatlar, 2015-ci ilin sonunda 38.6 milyard ABŞ dollarına qədər azalmışdı.

 

Ölkənin strateji valyuta ehtiyatları AMB və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ehtiyatlarının cəmindən ibarətdir. Qrafikdən göründüyü kimi, AMB-nin ehtiyatları 2016-cı ildə 4 milyard ABŞ dollarına qədər azaldığı halda cari ildə 11.8 milyard ABŞ dollarına kimi, ARDNF ehtiyatları isə 33.2 milyard ABŞ dollarına qədər endiyi halda cari ilin I yarımilində 58 milyard ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici şoklara qarşı təhlükəsizlik yastığı rolunu oynayır.

Infoteka.az