“Yaşıl enerji” mənbələrinin əhatəsinin genişləndirilməsi və 2030-cu ilə qədər enerjisistemdə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması ilə bağlı strategiyasına uyğun olaraq “AzərEnerji” kompleks tədbirlər planının icrasına başlayıb.
“AzərEnerji”dən verilən məlumata görə, 2028-ci ilə qədər günəş və külək elektrik stansiyalarının gücünün 1850 meqavata çatdırılması planlaşdırılır. Bu isə enerjisistemdə “yaşıl enerji” istehlakının ilin fəsillərinə uyğun olaraq bəzi hallarda 30-60 faizə çatması deməkdir. Nəzərə alınsa ki, günəş, o cümlədən külək elektrk stansiyalarının istehsalı sırf təbii faktorlarla, yəni havanın günəşli və ya küləkli olub-olmamasıyla bağlıdır, onda 1850 meqavat bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası zamanı dayanıqlığın və etibarlığın qorunması, ölkədə enerji istehsalı gücünün sabit saxlanılıb, tələbatın davamlı olaraq təmin edilməsi olduqca əhəmiyyətli məsələdir.
Məhz gələcəkdə enerjisistemdə kataklizmlərin yaranmaması üçün indidən başlayaraq “AzərEnerji” ABŞ və Türkiyə beynəlxalq texniki məsləhətçi şirkətlərinin təhlilləri əsasında 1850 meqavat “yaşıl enerji”nin enerjisistemə inteqrasiyası ilə əlaqədar kompleks tədbirlərin icrasını həyata keçirir. Belə ki, ənənəvi elektrik stansiyalarının tənzimləmə sistemlərinin optimallaşdırılması ilə tezliyin avtomatik tənzimlənməsində iştirak üçün işlər icra edilməklə yanaşı “Azərenerji” tərəfindən istifadə olunan SCADA sistemində yenilənmələr aparılır. Bu məqsədlə yerli mütəxəssislərin hazırlanması üçün xarici mütəxəssislər dəvət edilir, xüsusi kurslar təşkil olunur. Eyni zamanda “SİEMENS”, “General Electric”, “MİTSUBİSHİ”, “Wartsila” və “EMERSON” şirkətləri ilə birlikdə “Sumqayıt”, “Cənub”, “Şimal”, “Qobu” elektrik stansiyalarında tələb olunan tədbirlər icra edilir. WAMS/WACS tətbiqi ilə monitorinq və nəzarət sistemləri gücləndirilir.
Paralel olaraq “AzərEnerji” ASC 250 meqavat gücündə batareya saxlanc sisteminin quraşdırılmasına dair texniki məsləhətçi şirkət üzrə beynəlxalq tender elan edib. Eyni zamanda bu günlərdə, SCADA və WAMS/WACS monitorinq və nəzarət sistemlərinin tətbiqi üzrə məsləhətçi xidmətlər və layihələndirməyə dair yeni beynəlxalq tender elan olunması nəzərdə tutulur.
Bütün bu tədbirlər 1850 meqavat gücündə günəş və külək elektrik stansiyalarının enerjisistemə inteqrasiyasında xüsusi rol oynamaqla yanaşı, enerjisistemdə “yaşıl enerji” payının ən üst səviyyəyə çıxmasına əlavə töhvə verəcək və enerjisistemin dayanıqlığını və etibarlığını ən üst səviyyəyə çıxaracaq.