Vəziyyət acınacaqlıdır: səlahiyyət sahibləri camaatın yaşadığı zülmü ya “görmürlər”, ya da bundan həzz alırlar
Səhər saat 06:40... “Ayə, vallah yer yoxdu! Billah yer yoxdu! Yoxdu eee, yoxdu! Mən axı neynəyim?” Sürəti bir qədər azaldaraq 199 nömrəli marşrutun sürücüsü Masazır körpüsünün yanındakı dayanacaqda nəqliyyat vasitəsinə “hücuma” keçən, təqribən 15-20 nəfərə əl-qol hərəkətləri ilə vəziyyətin nə qədər acınacaqlı olduğunu izah etməyə çalışır.
Vəziyyət isə həqiqətən acınacaqlıdır. İnsanlar çiyin-çiyinə yox, burun-buruna dayanıblar. Bəxti gətirənlər iki ayaq, şanssızlar isə bir ayaqları üstə. Və... Avtobus dayanacaqda ləngimədən və qapıları açılmadan yoluna davam edir. Dayanacaqdakılar avtobusdakı sərnişinlərə həsədlə baxaraq cavabında nə isə deyirlər. Salonda eşidilməsə də, məramları bəllidir...
Yəqin ki, ictimai nəqliyyatdan istifadə edən Bakı sakinləri oxşar hadisə ilə dəfələrlə rastlaşıblar. Paytaxt artıq neçə illərdir ki, nəqliyyat kollapsı yaşamaqdadır. Vəziyyət isə nəinki yaxşıya doğru getmir, əksinə, hər ötən gün daha da pisləşir, biabırçı hal alır.
Bakıda sərnişindaşımanı və avtomobillərin hərəkətini tənzimləməyə borclu olan qurumlar isə sanki özlərinin yaratdıqları paralel aləmdə yaşayaraq, hər şeyin normada olduğunu deyir, misilsiz “fəaliyyətləri” nəticəsində vətəndaşların şad və xürrəm mənzil başına çatdıqlarına dair müxtəlif KİV-də hesabat verirlər. Təbii ki, onları heç kim ciddiyə almır və inanmır. Bəlkə də, heç özləri də inanmır. Ancaq vəzifə və itirmək istəmədikləri kürsülər öz işini görür
Gülək, ya ağlayaq?
Hərdən elə təsəvvür yaranır ki, problemin həllinə təhkim olunan məmurlar Bakıda yaşamırlar. Hardasa Qalapaqos adalarında dincəlir, dincəlməkdən yorulduqdan sonra isə bir-biri ilə kimin daha absurd qərar verəcəyinə dair mərcə girir və camaatla əməlli-başlı məzələnirlər. Bu, heç də şişirtmə deyil. Və indi qeyd edəcəyimizi ibtidai savadı olan yeniyetmə də onlara başa sala bilər. Məsələn.
Bir müddət əvvəl Bakıda avtobus zolaqları çəkildi. Sərt qərar da var: həmin zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücüləri 100 manat məbləğində və 2 balla cəzalandırılır. İndi sözümüz əziz və qabaqgörən məmurlaradır. Avtobuslar üçün zolaqlar nə üçün çəkilib? Məqsəd nə idi? Avtobusların həmin zolaqlarda maneəsiz hərəkət etməsi üçün! Sərnişinlərin rahatlığı üçün! Şəhərdə şəxsi avtomobillərin hərəkət intensivliyini aşağı salmaq üçün! Yəni sərnişindaşıma elə yüksək səviyyəyə ucalmalıdır ki, avtomobil sahibləri bu ehtişama valeh olaraq nəqliyyat vasitələrini dayanacaqda saxlamalı və ictimai nəqliyyata minmək üçün dəridən-qabıqdan çıxmalıdırlar. Düzdür? Düzdür!
Bəs sizin yarıtmaz fəaliyyətinizin nəticəsində yaranan mənzərə necədir? Pik saatlarında küçə və prospektlərdə dəhşətli tıxaclar, avtobus zolaqlarında isə eycahanlıq. Hərdən bir avtobus gəlib ötür. Camaat da yuxarıda təsvir etdiyimiz vəziyyətdə, az qalır pəncərədən bayıra tökülsün. Hansı ağlı başında olan fərdi avtomobil sahibi bu avtobusa minmək istəyər? Yəni, anlamaq o qədərmi çətindir ki, insanları ictimai nəqliyyata cəlb etmək üçün avtobus marşrutlarında intervallar azaldılmalıdır?
Biz düşünmürük ki, siz o dərəcədə primitiv və dayaz intellekt sahibisiniz (hər halda özümüzü buna inandırmağa çalışırıq). Sadəcə olaraq, əksər hallarda olduğu kimi, ənənəyə sadiq qalaraq, siz yenə də qızğın fəaliyyət əvəzinə bu fəaliyyətin görüntüsünü imitasiya etmisiniz: bir zolaqla, daha doğrusu, güllə ilə 5-6 dovşan vurmusunuz. Amma lazım olanı – marşrut xətləri üzrə avtobusların sayının artırılmasını “yaddan çıxarmısınız”.
Əgər avtobus zolağı ilə avtobus hərəkət etməyəcəksə, o zolaq kimə və nəyə lazımdır? Sizin hesabatınızda bir quş qoymaq üçünmü? Doğrudan görmürsünüz ki, avtobus zolaqlarının çəkilməsindən sonra Bakı küçələrində hərəkət daha bərbad, daha fəlakətli şəkil alıb? Hiss etmirsiniz ki, qaş düzəltdiyiniz yerdə vurub hər iki gözü çıxarmısınız? Və hansısa trolların çıxıb “avtobus zolaqları çəkiləndən sonra hər şey bombadır” deməsi, inanın ki, həm gülməli, həm də ağlamalıdır. Hərə öz ruh vəziyyətinə görə seçim edir.
Yerin altı da üstü kimidir
Şəhərin üstü haqqında danışdıq: tıxaclar, əsəb, stress, diletantlar ordusu. Belə olan halda normal şəhərlərdə insanlar yerin altına üz tuturlar, metroya pənah aparırlar. Bəs Bakıda bunu etmək nə dərəcədə məqsədəuyğundur? Bunu etməklə sinirlərimizi qoruya, vaxtımıza qənaət edə biləcəyikmi? Əsla!
Bakıda yerin altı üstü ilə tammiqyaslı rəqabət aparır. Qatarlar arasında intervallar elə seçilib ki, pik saatlarında sərnişinlər vaqonlara minmək üçün az qala əlbəyaxa davaya çıxmalı olurlar. Əksər stansiyalarda insanlar 3-4 qatar buraxırlar ki, heç olmasa, perrona yaxın düşə bilsinlər və növbəti qatarlar gəldikdə bəxtlərini sınasınlar.
Bakı Metropoliteninin yarıtmaz işi ancaq qatarlar arasındakı intervalın çox olması ilə bitmir. Son illər bu qurum ümumiyyətlə problemlər dağarcığına dönüb. Az qala, hər gün bir hadisə baş verir. Nəticə - onsuz da böyük olan intervalların daha da uzanması, sərnişinlərin narazılığı və diskomfortu.
Amma hər dəfə də qurumdan verilən açıqlamalarla tanış olduqda insanda elə təsəvvür yaranır ki, metropoliten rəhbərliyi hər şeyin elə bu məcrada cərəyan etməsini tam normal hal kimi qəbul edir və qətiyyən təşviş keçirmir: qatarda nasazlıq yarandı? Əşi, olsun da. Gecikmə baş verdi? Əşi, dünyanın sonu deyil ki, gələcək də qatar.
Bakı Vyana deyil, hər cəhətdən
Metrodan söz düşmüşkən. Bakıdakı sərnişindaşıma prosesinin həlli yolu məhz yeraltı nəqliyyatı genişləndirməkdən keçir. Amma nə yazıq ki, əhali sayı 2,2 milyon (bu, rəsmi rəqəmdir, real rəqəm isə bundan xeyli çoxdur) olan şəhərdə fəaliyyət göstərən metropolitenin vur-tut 27 stansiyası mövcuddur. Baxmayaraq ki, ilk 5 stansiya uzaq 1967-ci ildə istifadəyə verilib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə cəmi 7 stansiya istifadəyə verilib ki, bu da əhali sayının artımı ilə tam tərs mütənasiblik təşkil edir.
Elə Bakı kimi meqapolis üçün 27 stansiyanın mövcudluğu da sadəcə fəlakətli göstəricidir. Misal üçün, əhali sayı Bakıdan daha az olan Vyanada 104 metrostansiya sərnişinlərin ixtiyarındadır. Baxmayaraq ki, ilk stansiya 1976-cı ildə istifadəyə verilib. 104 stansiya hara, 27 hara?! Təsəvvür edirsiniz, Bakı metrosunun 104 stansiyası olsaydı, şəhərin yolları nə qədər boşalardı, insanlar nə qədər rahat nəfəs alardılar?
Amma... Bütün bunlar elə xəyallarımızda canlanır. Reallıq isə... Sabah yenə 9.00-da işə yetişmək üçün 6.30-dan yola çıxmalı olacağıq. Və Allahın mərhəmətinə sığınacağıq ki, avtobus sürücüsünün könlünə insaf salsın, bizim dayanacaqda əyləcə bassın. Bəlkə, birtəhər vücudumuzu salona ürcah edə bildik.
P.S. Bakının nəqliyyat və sərnişindaşıma probleminin daha bir həll yolu var. Bəlkə də, bu yol daha optimal və tez başa gələndir. Belə ki, sözügedən sahəyə cavabdeh olanları çox yox, 1-2 həftə şəxsi və xidməti avtomobillərdən məhrum edərək ictimai nəqliyyatla işə gəlib-getməyə məhkum etmək lazımdır. Əminliklə deyə bilərik: beyin hüceyrələri daha çevik və sürətlə işləyəcək ki, məsələ kökündən həll edilsin, əzablarına son qoyulsun.
Polad Xudayarlı