"2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu və bu, şübhəsiz ki, tariximizin qürur duyulası səhifəsidir".
Bunu açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu qarşısında cəmi 23 saatdan bir az artıq dayanmağa güc tapan düşmən ağır itkilər verərək təslim olmağa məcbur edildi:
"Bununla da Qarabağda erməni separatizminə son qoyuldu. Məsələ burasındadır ki, Ermənistan tərəfi bütün imkanları ilə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə məhəl qoymur və götürdüyü öhdəliklərin icrasından imtina edirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir" öhdəliyi icra edilməmiş olaraq qalırdı. Öhdəliklərin icrası ilə Azərbaycanın haqlı tələbləri davamlı şəkildə rəsmi İrəvan tərəfindən cavabsız qalırdı. Onlar düşünürdülər ki, bu şəkildə vaxt udmaqla status-kvonu saxlaya və gələcəkdə revanşist iddialarını gerçəkləşdirə biləcəklər".
"Fərrux", "Qisas" və bu kimi digər hərbi əməliyyatlardan dərs çıxarmayan düşmən və onu hər vəchlə himayə edən qüvvələr bir az da dərinə gedərək humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursat daşınmasını həyata keçirirdilər. Ən acınacaqlısı isə ondan ibarət idi ki, bəzi hallarda bu təxribatlar ərazilərimizdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin gözləri qarşısında, hətta birbaşa müşayiəti ilə aparılırdı.
Odur ki, Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilən öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi. Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbir kasasını daşırdı. Lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə bağlı qərar verildi və bu tədbirlər öz real nəticəsini verdi", - politoloq deyib.
Müsahibimiz əlavə edib ki, antiterror tədbirləri faktiki olaraq son 200 ilə yaxın müddət ərzində regionda mövcud olan terrorizmə, separatizmə son qoydu:
"Həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə barışa bilməyən, radikal separatçı qruplar üzərindən regiona müdaxilə etmək imkanlarını qoruyub-saxlamağa çalışan xarici dairələrin çoxillik ssenariləri tamamilə sıradan çıxmış oldu".
Politoloq İlyas Hüseynov isə açıqlamasında bildirib ki, sentyabrın 20-də Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis olunması əlamətdar bir hadisədir:
"Çünki ötən il lokal xarakterli antiterror tədbirləri ilə bütün ölkə ərazisində suverenliyimizi təmin etdik və bununla da ölkəmizdə separatçılığın kökü kəsildi".
Onun sözlərinə görə, suverenliyimizin bərpasından danışarkən, ondan əvvəlki dövrlərdə baş verən hadisələrə də nəzər salmaq zəruridir:
"Yəni qələbənin hansı çətinliklərlə, hansı güclə, hansı məzmunda və formada əldə olunması gələcək nəsillərə də aşılanmalıdır ki, bir daha dövlətimiz və xalqımız bu cür problemlərlə üz-üzə qalmasınlar. Xüsusilə vurğulamaq lazımdır ki, separatçılığı dəstəkləyən qüvvələr həm də ölkəmizi o dövrdə mövcud olan status-kvo ilə barışdırmağa çalışır, separatçı rejimi danışıqlarda bir tərəf kimi görmək istəyirdilər. Separatçı hərəkatın başında duran şəxslər həm Azərbaycan xalqına qarşı cinayət əməlləri törətmiş, çoxsaylı terror aktlarına imza atmışdılar, həm də özlərini danışıqlar müstəvisində tərəf kimi təqdim etmək niyyətləri güdürdülər".
"O dövrdə işğalçı rejimin dırnaqarası xarici işlər naziri David Babayan qeyd edirdi ki, Xankəndidə Azərbaycan səfirliyi açılsın. Bu, gülünc və absurd səsləndiyi qədər ölkəmizin milli təhlükəsizliyinə qarşı bir təhdid idi. Ona görə də bu gün Arayik Arutyunyan, David Babayan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan kimi şəxslərin həbs olunması, onların istintaq qarşısında cavab verməsi tarixi ədalətin təntənəsi kimi qiymətləndirilə bilər. Azərbaycan beynəlxalq hüququ, haqq-ədaləti öz gücü, zəkası, qətiyyətli siyasəti ilə təmin etdi, müzəffər Ali Baş Komandan İlham Əliyevin iti zəkası və uzaqgörənliyi burada həlledici rol oynadı", - deyə Hüseynov vurğulayıb.
Müsahibimiz əlavə edib ki, lokal xarakterli antiterror tədbirlərindən sonra separatçı rejimin rəhbəri Samvel Şahramanyanın rejimin buraxılması haqqında "fərman" imzalaması, daha sonra Yevlax görüşünün keçirilməsi tam qələbə anlamını verirdi:
"Bu sülhə məcburetmə əməliyyatı haqqında bu gün dünyanın müxtəlif mərkəzlərində danışılır və əsas vurğu edilən məsələ bundan ibarətdir ki, Azərbaycan tərəfi əməliyyat nəticəsində heç bir mülki obyektə və dinc sakinə xələl yetirmədən legitim hərbi hədəfləri məhv edib. Bu da çox böyük bir göstəricidir və hərbi ustalıq və məharət kimi qiymətləndirilməlidir".
Mərahim Nəsib