Infoteka.az
Sosial

Ağdamın Xıdırlı kəndinə birinci mərhələdə 2951 nəfər köçürüləcək

Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndində bərpa tikinti işləri davam etdirilir. Ökə başçısı tərəfindən 2022-ci ilin oktyabrın ayının 4-də təməli qoyulan yaşayış məskənində 3520 metr elektrik xətti, 1400 metr su xətti, 700 metr qaz təchizatı və 3900 metr kanalizasiya şəbəkəsi inşa olunub.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

Bildirilib ki, kənddaxili yolların 42 km-dən 11 km-də yol yatağının qazıntı işləri yekunlaşmaq üzrədir.

"Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşdırılacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır", - Leyla Sarabi qeyd edib.

Infoteka.az