Infoteka.az
İqtisadiyyat

Azərbaycan noyabr ayından Serbiyaya əlavə gündəlik bir milyon kubmetr qaz nəql edəcək

İkitərəfli enerji əməkdaşlığının inkişafı məqsədilə Belqradda səfərdə olan energetika naziri Pərviz Şahbazov ilə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç arasında görüş olub.

Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafında Azərbaycan və Serbiya dövlət başçılarının dostluq əlaqələrinin mühüm rolu vurğulanıb. Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Azərbaycan qazının Serbiyaya tədarükündən məmnunluq ifadə edilib və enerji tərəfdaşlığının yaşıl enerji sahəsində genişləndirilməsi perspektivləri dəyərləndirilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi kontekstində Azərbaycan ilə Serbiya arasında yaşıl enerji sahəsində infrastruktur layihələrinin reallaşdırılması və elektrik enerjisinin ticarəti məqsədilə əməkdaşlığa maraq ifadə edilib. Söhbət zamanı Serbiyada qazın saxlama imkanları və qazla işləyən elektrik stansiyasının inşasında SOCAR-ın potensial iştirakı məsələləri də müzakirə edilib. Enerji əməkdaşlığının gündəliyində olan bütün bu məsələlər üzrə işçi qrupunun yaradılması razılaşdırılıb. Həmçinin COP-29 sədrliyinin Enerji Təşəbbüsləri və Enerji Günü çərçivəsində keçirilən tədbirlərdə iştirakla bağlı fikir mübadiləsi aparılıb.

Energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Avropaya qaz tədarükü bazarlarını genişləndirmək hədəfi çərçivəsində Serbiya ilə əməkdaşlıqdan məmnundur. Bu gün SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə yeni müqavilənin və iki ölkənin yaşıl enerji sahəsində əməkdaşlığına dair sənədin imzalanması enerji tərəfdaşlığımızı möhkəmləndirən yeni səhifə açır. Gələcəkdə qaz tədarükünü 1 milyard kubmetrə çatdırmaqla bağlı planlar, bərpaolunan enerji resurslarımızın tədarükü Serbiyanın enerji təchizatının şaxələnməsinə və enerji keçidinə töhfə verəcək”.

Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç isə bildirib: “Bu gün imzalanan sənədlərlə enerji sahəsində əməkdaşlığımız daha da güclənəcək. Yaşıl enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə Azərbaycan şirkətlərinin təcrübəsi ilə birgə həyata keçirə biləcəyimiz infrastruktur layihələri üçün güclü platforma qururuq. Yaşıl enerji potensialımızın artırılması və sizin dəstəyinizlə həyata keçirdiyimiz qaz təchizatının diversifikasiyası üzrə vizyonumuz üst-üstə düşür. Təbii qaz və yaşıl enerji sahəsində əməkdaşlığımız Serbiyanın enerji təchizatına sabitlik və enerji təhlükəsizliyi gətirəcək”.

Yekunda SOCAR və “Srbijagas” arasında qaz təchizatı üzrə alqı-satqı müqaviləsi və “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Yeni qaz müqaviləsi 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qazın təchizatını nəzərdə tutur. Anlaşma Memorandumu isə bərpaolunan enerjinin və yaşıl hidrogenin istehsalı - ticarəti, birgə təşəbbüs və layihələr üzrə əməkdaşlığı təşviq edir. Sənədə əsasən, bərpaolunan enerji sahəsinə qarşılıqlı investisiya, yeni “yaşıl texnologiya”ların tətbiqi, karbon tutma, utilizasiya və saxlama, elektromobillik, enerji saxlancı və yaşıl maliyyələşdirmə istiqamətlərində əməkdaşlıq ediləcək.

Infoteka.az