Infoteka.az
Siyasət

İndiki mürəkkəb geosiyasi vəziyyətdə işimizi ehtiyatlı tutmalıyıq

Sərhədin etibarlı qorunması daxili sabitliyin, rifahın və inkişafın təminatıdır.

Yeddinci çağırış Milli Məclisin sentyabrın 23-də keçirilən ilk iclasında Prezident İlham Əliyevin söylədiyi nitqdə hazırkı dövrə kimi əldə edilmiş nəticələr təhlil edildi və qiymətləndirildi. Dövlətimizin başçısı təkcə əldə edilmiş nəticələri təhlil edərək qiymətləndirmədi, həm də ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri göstərdi və əsaslandırdı.

Təbii ki, cənab İlham Əliyevin toxunduğu hər bir məsələ önəmlidir və böyük əhəmiyyətə malikdir. O cümlədən onun sərhədlərimizin qorunması ilə bağlı fikirləri də mühümdür. Çünki sərhədlərin qorunması etibarlı şəkildə həyata keçirilməsə, heç nədən danışmaq olmaz. Bu mənada, “Vətən sərhəddən başlayır!” fikri də əbəs yerə deyilməyib.

Müasir dövrdə sərhədlərin etibarlı qorunması hər bir dövlət üçün, o cümlədən, Ermənistan kimi qonşusu olan ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev də bir nömrəli vəzifənin hərbi gücümüzün artırılması olduğunu bildirdi və qeyd etdi ki, biz bunu edirik. “Bununla paralel olaraq, biz yerli hərbi sənaye kompleksimizi də daha sürətlə inkişaf etdirməliyik” – deyən dövlətimizin başçısının növbəti önəmli vəzifənin sərhədlərimizin qorunması ilə bağlı olduğunu vurğulaması diqqəti cəlb edir. Burada da bizim əsas təhlükəsizlik qayğımız uzun illər ərazimizin 20 faizini işğal altında saxlamış Ermənistan kimi bir ölkə ilə qonşu olmağımızdır. Hazırda Ermənistanla şərti sərhəddə mühəndis işləri aparılır. Sərhədin delimitasiyası prosesinə başlanıb. Dövlətimizin başçısının sentyabrın 6-da Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada bildirdiyi kimi, hətta, kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsi demarkasiya da olunub. Halbuki sərhədin uzunluğu 1000 kilometrdən çoxdur.

Azərbaycan–Ermənistan sərhədi de-yure keçmiş Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədə uyğundur və iki əsas hissədən – qərbdə Ermənistan və Azərbaycanın Naxçıvan eksklavı arasında və şərqdə Ermənistanla Azərbaycan arasında daha uzun bir hissədən ibarətdir. Bundan əlavə, de-yure sərhədin hər iki tərəfində bir sıra anklavlar var, lakin ölkəmiz bu ilin aprelində onlardan dördünü geri qaytarmağa müvəffəq olub. Digər anklavlar hələ də Ermənistanın nəzarətindədir. Faktiki olaraq, Azərbaycan–Ermənistan sərhədi ilə bağlı vəziyyət daha mürəkkəbdir. Sərhədin qərb hissəsi, yəni Naxçıvan bölməsi mübahisəli deyil.

Ancaq bu hissədə də Sədərək rayonunun Kərki anklavı qarşı tərəfin işğalı altındadır. Uzun illər ərzində Ermənistanla şərq sərhədlərimizin bir qisminə də ölkəmiz nəzarət etməyib. 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra, sərhədin rəsmi şərq hissəsi, faktiki olaraq, təxminən, yarıya qədəri və sərhədin cənub sektoru Azərbaycan ərazisinin daxilinə uzanan, ölkəmizin əhəmiyyətli hissəsini əhatə edən “təmas xətti” kimi formalaşmışdı. Ermənistan faktiki bu ərazini işğal etmişdi və həmin ərazidə ikinci erməni “dövləti” yaradılmışdı. Nəticədə Ermənistanla Azərbaycan arasındakı de-yure sərhəd faktiki olaraq Ermənistanla qondarma rejim arasındakı “sərhədə” çevrilmişdi. Bu vəziyyət 2020-ci il sentyabr ayının 27-nə qədər davam etmişdi. Həmin gün başlanan 44 günlük Vətən müharibəsinin ilk saatlarında uzun illər ərzində qurularaq möhkəmləndirilmiş “Ohanyan səddi” yarılmış, “təmas xətti” anlayışı aradan qalxmışdır. Vətən müharibəsinin sonunda bu məsələdə tamamilə yeni reallıqlar formalaşmışdı. Müharibənin gedişi zamanı ordumuzun Ermənistanla Zəngilan rayonu istiqamətində yerləşən Bartaz (2300 metr), Sığırt (1370 metr) və digər yüksəklikləri azad etməsi ilə sovet dövründə müttəfiq respublikalar arasında mövcud olmuş sərhədin bərpası istiqamətdə ilk addım atılmışdı. Bunu qeyd etməkdə məqsədimiz necə bir ölkə ilə sərhədə malik olduğumuzu bir daha xatırlatmaqdır.

Eyni zamanda, 1994-cü ildən 2020-ci ilədək davam etmiş atəşkəs dövründə olduğu kimi, Vətən müharibəsindən sonra da şərti sərhəddə qanlı toqquşmalar baş vermişdi. Onlardan ən böyüyü 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında baş vermiş döyüşlərdir. Bu hadisələr də antiterror əməliyyatı keçirməyin zəruri olduğunu sübut edən amillər idi. Bütün bunlar bizə Ermənistanla sərhəddə işimizi, necə deyərlər, ehtiyatlı tutmağa sövq edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədimizin uzunluğu 500 kilometrdən çoxdur. “Özü də bu şərti sərhədin relyefi, coğrafiyası çox ağır, həm də iqlim nöqteyi-nəzərdən çox çətin yerlərdə yerləşir və orada xidmət aparmaq o qədər də asan deyil. Bizim bəzi xidmət yerlərimizin hündürlüyü 3 min metrdən çoxdur. Amma buna baxmayaraq, bizim sərhədboyu yerləşən hərbi mövqelərimiz möhkəmlənir”– deyən dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribatı gözləmək olar. Qarşı tərəf həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir.

Bəli, Ermənistanla ABŞ arasında son zamanlar mütəmadi olaraq hərbi təlimlər keçirilir. Eyni zamanda, İrəvan Yunanıstan, Kipr Respublikası, Hindistan kimi ölkələrlə də hərbi-texniki əməkdaşlığı genişləndirir. Bu məsələ də bizim təhlükəsizlik qayğılarımıza səbəb olur.

Dövlətimizin başçısı Azərbaycanın hər bir məsələdən xəbərdar olduğunu bu sözlərlə ifadə etdi: “Ermənistana Qərb ölkələrindən silah-sursat göndərilir. Bəzi hallarda açıq – necə ki, Fransa–Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır – bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar daşınır”.

Cənab Prezident əlavə etdi ki, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Yəni, bu metodologiya kifayət qədər bəsitdir. Ancaq onu da bilməlidirlər ki, biz buna imkan verməyəcəyik. Mən artıq demişəm ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Onu hər kəs bilsin. Sərhədlərin mühafizəsi isə həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir və edilməlidir. Ancaq biz hamımız bilməliyik ki, bu, çox böyük, genişmiqyaslı bir işdir.

Cənab İlham Əliyev onu da bildirdi ki, digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir. Hər zaman, hər bir məsələdə doğma xalqına arxalanan Prezident Azərbaycan vətəndaşlarının quru sərhədlərimizin hələ də bağlı olmasına anlayışla yanaşdıqlarına əmin olduğunu vurğuladı. Eyni zamanda, bunun müəyyən çətinliklər yaratdığını bildirdi. Bununla belə, dövlətimizin başçısı bugünkü geosiyasi vəziyyətin də hamının gözü qarşısında olduğunu dedi. Əlavə etdi ki, bu, daxili təhlükəsizliyi təmin etmək üçün yeganə düzgün addımdır: “Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq, daxili risklər Azərbaycanda yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və bizim gücümüz ildən-ilə artmaqdadır”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov XQ-yə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev parlamentdəki nitqində ölkəmiz, gələcəyimiz üçün çox önəmli, vacib məsələlərə toxundu. Onun sözlərinə görə, təbii ki, ordumuzun, müdafiə sənayesinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Ən önəmli məsələlərdən biri də sərhədlərin möhkəmləndirilməsi məsələsidir: “Proseslərin təhlili göstərir ki, bu gün dünyada ən aktual məsələlərdən biri təhlükəsizlik məsələsidir. Hər bir dövlət özünün təhlükəsizliyini təmin etməyə və sərhədlərini möhkəmləndirməyə çalışır. Sərhədlərini qoruya və möhkəmləndirə bilməyən dövlətlər qarşıdakı illərdə çox ciddi və ağır sınaqlarla üz-üzə qalacaqlar. Buna görə də hazırda bizim qarşımızda dayanan ən vacib məsələlərdən biri sərhədlərin mühafizəsi və gücləndirilməsidir”.

Ölkəmizin hazırda bu istiqamətdə çox ciddi addımlar atdığını, Ermənistanla sərhədin delimitasiya və demarkasiyasının gündəmdə olduğunu qeyd edən C.Məmmədov dövlətin bununla bağlı davamlı olaraq müxtəlif tədbirlər keçirdiyini qeyd etdi. Dövlət Sərhəd Xidmətinin ən yüksək səviyyədə, ən müasir avadanlıqlarla təchiz olunması üçün əməli işlər görülür: “Yəni, bu gün dövlət sərhədlərimizi qorumaq, mühafizə etmək üçün tələb olunan bütün addımları atır və işləri görürük. Bura ən müasir kamera, siqnalizasiya sistemlərinin alınması, qabaqcıl texnologiyaların alınması və sair tədbirlər daxildir. Bütün bunlar hamısı ona hesablanıb ki, sərhədlərimiz ən yüksək səviyyədə qorunsun”.

Quru sərhədlərinin vətəndaşların gəliş-gedişləri üçün bağlı olmasına dair dövlətimizin başçısının toxunduğu məsələyə dair öz fikirlərini bildirən deputat insanların bir hissənin narahatlığını anlayışla qarşıladıqlarını dedi: “Biz də başa düşürük ki, insanların bir hissəsi narahatdır. Onlar quru sərhədləri vasitəsilə xaricə getmək istəyirlər. Amma biz nəzərə almalıyıq ki, bu, hazırda çox doğru qərardır. Cənab Prezidentin qeyd etdiyi kimi, sərhədlərin bağlı olması Azərbaycanı bir çox fəlakətlərdən qoruyur. Bu fəlakətlərin bəziləri hamımıza məlumdur, bəziləri isə məlum deyil. Dövlət bu məsələləri özü diqqətdə saxlayır. Təbii ki, bütün səbəblər açıqlansa, Azərbaycanda hər kəs dövlətin bu mühüm qərarı qəbul etdiyini başa düşər”.

Hazırda dünyanın hər yerində gərginlik müşahidə edildiyini, münaqişələrin artdığını qeyd edən C.Məmmədov Azərbaycanın da buna adekvat davrandığını bildirdi. Bu addımın atılması çox sayda qaçqının ölkəmizə gəlməsinin, eyni zamanda, ayrı-ayrı dövlətlərin ölkəmizdə pozuculuq fəaliyyətinin qarşısını almağımıza şərait yaradıb. Həmçinin, bu addım daxildə ictimai-siyasi sabitliyin qorunmasına da mühüm töhfəsini verir.

Infoteka.az