İsrailin Qəzza bölgəsində HƏMAS-a qarşı hücumu, ardınca sözügedən qrupun lideri İsmayıl Haniyə, SEPAH generallarının öldürülməsi fonunda İran dəfələrlə bəyan etdi ki, bu addımlara görə Təl-Əvivdən qisas alacaq. Lakin baş verən son hadisələrə baxmayaraq, görünən odur ki, Tehran susur. Artıq İsrail “Hizbullah”ın lideri Həsən Nəsrullahı da aradan götürüb. Buna rəğmən İsraili yer üzündən siləcəyini vəd edən İran yenə susmağa davam edir.
Görəsən, İranın susqunluğu nə ilə bağlıdır? Yoxsa İran xarici siyasət xəttini dəyişir?
Mövzu ilə bağlı açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Tehran ABŞ və İsrail qarşısında acizdir və onlara İrana hücum vermək üçün bəhanə verməkdən çəkinir. Bu səbəbdən də baş verən hadisələrə hələlik göz yumur:
“Tehran gözəl anlayır ki, İsrail hazırda onları müharibəyə cəlb etmək üçün var gücü ilə çalışır. Bu zaman təbii ki, İrana qarşı əsas zərbə qüvvəsi İsrail olmayacaq. Əsas zərbə qüvvəsi ABŞ olacaq. ABŞ-ın hərbi gücü İranınkından 10-15 dəfə çoxdur. Yəni müharibə başlasa, bu İran ərazisində olmayacaq. Uzaq məsafədən raket və təyyarələrlə İranı viran qoyacaqlar. ABŞ üçün əsas maddi və siyasi maraqdır. Müharibə başlasa, İran Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, İraq, Suriyada yerləşən amerika qüvvələrinə zərbələr endirə bilər. Amma bu çox məhdud miqyaslı olacaq.
Hazırda ABŞ-ın 4 təyyarə daşıyan gəmisi və hərəsinin də ətrafında 16 ədəd böyük hərbi gəmilər şimal və cənubdan İran ətrafındadır. İsrailin 500-ə yaxın təyyarəsi var. İranın hərbi təyyarələri isə şah dövründən qalma köhnə təyyarələrdir. Onlar da demək olar ki, uçmur. Rusiya da İrana hərbi təyyarə satmır. İranın özünün hərbi təyyarə istehsal etmək üçün elmi-texniki bazası yoxdur. Raketləri olsa da, təcrübə göstərdi ki, onların da böyük zərbə gücü yoxdur”.
Həmsöhbətimizin fikrincə, İran indiki halda gözləyir ki, vəziyyət nə vaxtsa dəyişə bilər:
“Belədə, İran faktiki olaraq Amerika və İsrail qarşısında aciz qalıb. Ona görə də indiki halda Tehran onlara İrana hücum etmələri üçün bəhanə vermək istəmir. Qərb İranı təxribata çəkir, Haniyəni, Nəsrullahı, gah da SEPAH generallarını öldürür. İstəyirlər ki, İran bunlara cavab versin və onlar da Tehranı təcavüzkar adlandırıb, vurmağa başlasın. İran indi gözləyir, ümid edir ki, vəziyyət nə vaxtsa dəyişəcək...”