Infoteka.az
Siyasət

İlham Əliyev: "Ermənistan həqiqətən Azərbaycanla sülhə nail olmaq istəyirsə..."

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda oktyabrın 2-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

"Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər", deyə Azərbaycan lideri qeyd edib.

Infoteka.az