Yaxın 3 il ərzində “Bakı metropoliteni” QSC-də 65 yeni nəsil vaqon və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq.
Bu qatarlardan 7-si və yaxud 35 vaqon cari il ərzində Bakıya gətirilməlidir.
“81-765 Б/766 Б” seriyalı 7 qatardan 2-si artıq Bakıya çatdırılıb. Yeni qatarlar innovasiyalar baxımından sonuncu - 4-cü nəslə mənsub texnologiyalar əsasında istehsal olunub.
Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı “Bakı Metropoliteni” QSC-nin texniki şərtləri əsasında həyata keçirilir. Texniki şərtlərdə qatarların idarəetməsi, texnoloji təchizatı və sərnişin rahatlığını təmin edən sistem və avadanlıqlar quraşdırılır.
Bağlanmış müqaviləyə uyğun olaraq, vaqonların yığılmasının texniki tamamlama işləri və komplektləşdirməsi Bakı metropoliteninin “Xocəsən” elektrik deposunda başa çatdırılacaq. “Bakı Metropoliteni” QSC yeni qatarların sifarişi məqsədilə dünyada olan aparıcı texnologiyaların öyrənilməsinə və istehsal prosesi zamanı onların vaqonlarda tətbiqinə diqqət edir. Bundan savayı, Bakı metropoliteninin texniki xüsusiyyətləri, mürəkkəb relyefi, paytaxtın iqlim şəraitinə hesablanmış bir sıra məsələlər də texniki şərtlərin tərkib hissəsi olur. Vaqonların tam komplektləşdirilməsi üçün Bakı metropoliteninin texniki şərtləri və sifarişi əsasında Avropanın bu sahədə qabaqcıl müəssisələri ilə 9 müqavilə imzalanaraq, avdanlıq və hissələr alınaraq Bakıya gətirilib.
Vaqonların dartı mühərrikləri Avstriya, dişli muftalar, akkumulyator batareyaları, manometrlər, vaqonlararası keçidlər Almaniya, maşinist kontrolleri və rəqssöndürücülər Çexiya, avtoqoşqular və yarımsabit qoşqular Polşa, relelər və yuvalar Niderland, qapı mexanizmləri İtaliya istehsalıdır. Bununla yanaşı, dünyanın aparıcı istehsalçılarından alınmaqla əyləc blokları, mühərrik kompressorları və s. ilə təchizat məsələləri də komplektləşdirmə məsələlərinin tərkib hissəsinə daxil edilib.
Avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi, ultrabənövşəyi lampalarla vaqon salonunda havanın zərərsizləşdirilməsi, istilik izolyasiyasının effektini artıran tambursuz konstruksiya kimi məsələlər bu xüsusda əsaslardan biridir.
Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Bu isə sərnişin tutumunun artmasına şərait yaradır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin üçün hesablanıb. Vaqonlar arasında birbaşa keçidlər sərnişin salonunun 15 faiz genişlənməsinə və daha çox sərnişin daşımağa, Bakı metropoliteni üçün xüsusi əhəmiyyət kəsb edərək sərnişinlərin qatar boyunca hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır. Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə Bakı metropoliteni üçün ən mühüm məsələlərdən biri kimi sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir.
Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər mövcuddur. Mobil cihazları enerji ilə yükləmək üçün USB portlar, müasir məlumatlandırma sistemləri də sərnişin məmnunluğuna müsbət təsir edən elementlərdir.
Ümumilikdə, “81-765 Б/766 Б” seriyasından olan yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.
Bir qatarın komplektləşdirilməsi başa çatdırılaraq, sazlama işləri üçün “Nərimanov” elektrik deposuna göndərilib. Bundan savayı, daha iki qatar tərkibi də “Xocəsən” elektrik deposuna çatdırılıb. Oktyabr ayı ərzində bu il üçün nəzərdə tutulmuş son üç qatar tərkibi də ölkəmizə çatdırılacaq. Bütün qatarların yığılaraq komplektləşdirilməsi başa çatdırıldıqdan sonra, normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunaraq xətlərə buraxılacaq.
Sosial