Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı – Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət aşağıdakı tərkibdə Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdıracaq:
- Ali Məhkəmənin 3 hakimi;
- apellyasiya instansiyası məhkəmələrinin 3 hakimi;
- birinci instansiya məhkəmələrinin 3 hakimi.
Məhkəmə-Hüquq Şurasının və ya Hakimlərin Seçki Komitəsinin üzvü eyni zamanda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü ola bilməz. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinin səlahiyyət müddəti 5 ildir. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının üzvləri üçün nəzərdə tutulmuş təminatlar Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinə də şamil olunur.