Infoteka.az
Siyasət

ABŞ və müttəfiqlərinin dünya nizamını birtərəfli qaydada dizayn etməsini qəbul etməyən ölkələr üçün alternativ platforma - BRICS

Bir neçə gündən sonra dünyanın əsas fokus nöqtəsi Kazan şəhəri olacaq. BRICS ölkələri və təşkilata üzvlük üçün maraq göstərən ölkə rəhbərləri Kazanda sammitdə toplaşacaqlar. 

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bu, Rusiya ərazisində keçiriləcək ən böyük sammit olacaq. Rusiya Federasiyasının ən tolerant şəhəri olan Kazan müxtəlif dinlərə və mədəniyyətlərə sahib ölkələri qəbul etmək üçün ciddi şəkildə hazırlaşır.

9 ölkənin rəsmi şəkildə qoşulduğu, 40-dan çox ölkənin BRICS+la əməkdaşlıqda maraqlı olduğu bu beynəlxalq platforma dünya ÜDM-nin 40%-dən, dünya əhalisinin 45%-dən çoxunu birləşdirə biləcək böyük potensiala malikdir. Kazan sammiti eyni zamanda dünyanın gələcək dizaynı üçün əsas mesajlarında səslənəcəyi platforma olacaq. 

ABŞ və müttəfiqlərinin dünya nizamını birtərəfli qaydada dizayn etməsini qəbul etməyən ölkələr üçün BRICS+ alternativ platforma ola bilər. Qurulduğu ilk illərdə BRICS-i bəziləri topal ördək hesab edirdilər. Müxtəlif qitələr, dinlər və siyasi sistemləri təmsil edən ölkələrin bir çətir altında uzun müddət qala biləcəkləri inandırıcı sayılmırdı. Ancaq son 15 il ərzində dünyada baş verən proseslər, xüsusən ABŞ və tərəfdaşlarının ölkələrə qarşı monopolist siyasət həyata keçirməsi BRICS-in yaşaması üçün yaxşı impuls oldu. 

Ukraynadakı qarşıdurmanın və son illərdə Çin ilə ABŞ arasındakı gərginliyin dərinləşməsinin səbəb olduğu qlobal geosiyasi zəlzələdən sonra da BRICS-ə maraq yalnız artdı və inkişaf etməkdə olan bir çox ölkə bu birliyi gələcək illərdə inkişaf üçün faydalı bir vasitə kimi görür.

Ancaq bütün cəlbediciliyinə baxmayaraq, klub daxilində ziddiyyətlər də mövcuddur. İlk növbədə, Çin və Rusiya özlərini Qərbə və ABŞ-ın yaratdığı dünya nizamına qarşı cəbhənin əsas döyüşçüləri kimi görürlər. Amerikanın əsas rəqibi olan İranın da qrupa qoşulması onun geosiyasi məkanda manevr etmək imkanlarına hardasa neqativ təsir edir. 

ÇİN, Rusiya və İrandan fərqli olaraq, Braziliya və Hindistan konfrontasiyanın dərinləşməsinin tərəfdarı deyil. Onlar daha çox BRICS-dən mövcud dünya nizamının dizayn edilməsi və iqtisadi faydalardan yararlanmaq üçün istifadə etmək istəyirlər. 

BRICS-in gələcəkdə hansı mövqedə dayanacağını isə daxilində anti-qərbçilərlə neytrallar arasında münasibətlərin ayırd edilməsi müəyyən edəcək. 

Eyni zamanda ABŞ-ın sanksiya siyasəti BRICS daxilində proseslərin sürətli getməsinə mane olur. Əksər ÇİN, Hindistan, Braziliya şirkətləri üçün yenə də əsas bazar ABŞ bazarıdır. Ona görə qeyd edilən ölkələrin şirkətləri Rusiya ilə əlaqələrin formalaşdırılmasına daha ehtiyatlı olmağa üstünlük verir. 

Kazan sammiti BRICS-in genişləndirilmiş heyətinin ilk görüşü olacaq. Pekin və Moskvada inanırlar ki, Kazan sammitində Qərb "monopoliyası"na qarşı güclü birlik formalaşdırılmasına nail olunacaq.

Infoteka.az