Infoteka.az
Siyasət

Erməni mafiyası COP29-a qarşı

"11-22 noyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı, daha çox COP29 kimi tanınan tədbir keçiriləcək. Ətraf mühitin qorunması sahəsində dünyanın ən böyük və əhəmiyyətli tədbiri olaraq, bu forum Bakıda onminlərlə qonağı bir araya gətirəcək. Qonaqlar arasında müxtəlif səviyyələrdən olan ekspertlər, dövlət qurumlarının nümayəndələri və dövlət başçıları olacaqlar.

Bu cür miqyaslı tədbirlərin keçirilməsi ev sahibi ölkə üçün təkcə qürur mənbəyi deyil, həm də təşkilati və intellektual resursların səfərbər edilməsini tələb edən böyük bir çağırışdır. Bununla belə, forumun keçirilməsi ilə bağlı bütün məsələləri həll edərkən Azərbaycan siyasi xarakterli əlavə çağırışla üzləşdi. Bu ilin yayından başlayaraq ölkəmizə qarşı qara PR kampaniyası başladı. Düşmən fəaliyyətlər bir çox metodlarla həyata keçirilir, lakin Azərbaycanın bədxahları öz iyrənc təbliğatları üçün mərkəzi platforma olaraq "X" sosial şəbəkəsini seçiblər".

Oxu.Az bildirir ki, bu barədə Caliber.az-ın növbəti "YouTube" layihəsində deyilir.

Müəllif daha sonra qeyd edir ki, bu şəbəkədə kampaniya bu ilin iyun ayında başlayıb və onun ermənimənşəli, yaxud erməni mövqeyində duran şəxslər tərəfindən aparıldığını görmək çətin deyil:

"Onlar sistematik şəkildə dünya ictimaiyyətini siyasi səbəblərdən COP29-u boykot etməyə çağırırlar. Kampaniyanın əsas məqsədləri: ölkəmizin nüfuzuna xələl gətirmək; COP29-un Bakıda keçirilməsinin qarşısını almaq; konfransdan Azərbaycana siyasi təzyiq vasitəsi kimi istifadə etmək, xüsusilə də istintaq altında olan ermənimənşəli hərbi cinayətkarların azad edilməsinə nail olmaqdır.

Yəqin ki, xatırlatmaq lazımdır ki, haqqında danışılan saxlanılan şəxslər 1992-2020-ci illərdə Ermənistanın işğalı dövründə Azərbaycanın Qarabağ bölgəsində törətdikləri aşağıdakı cinayətlərdə ittiham olunurlar: təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması və ya başlanması; silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması; silahlı münaqişə zamanı hərəkətsizlik və ya cinayətkar əmrlərin verilməsi; terrorizm; terrorizmin maliyyələşdirilməsi; terrorizm məqsədilə təlimlərin keçirilməsi; qəsdən adamöldürmə; cinayətkar birliyin (cinayətkar təşkilatın) təşkili; qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması".

Infoteka.az