Ukrayna Prezidentinin xahişləri Berlində soyuqqanlılıqla qarşılanıb: Şolts nə "yox" dedi, nə də “hə”
Almaniya artıq Ukraynaya ağır hərbi texnika göndərmək niyyətində deyil. Bu barədə məlumatlı mənbələr “Bild” bildiriblər. Nəşrin yazdığına görə, Almaniya Müdafiə Nazirliyi Ukraynanın yaxın gələcəkdə öz ərazilərini azad etmək üçün əks-hücum əməliyyatına başlaya bilməyəcəyinə inanır. “Bild”in əlində olan sənədə görə, Bundesver Kiyevə yeni ağır texnika ötürmək niyyətində deyil. Son 18 “Leopard 2” tankının təhvil verilməsindən sonra Almaniya ordusunda bu hərbi texnikaların 300-ə yaxın olmasına baxmayaraq, başqa tədarüklər planlaşdırılmır. Eyni hal digər texnika növlərinə - piyadaların döyüş maşınlarına, zirehli personal daşıyıcılarına və haubitsalara da aiddir.
Nəşrin məlumatına görə, Berlinin cümə günü elan etdiyi yeni hərbi yardım paketi artıq Kiyevə vəd edilib və keçən il maliyyələşdirilib.
Vəziyyətlə tanış olan mənbələr izah ediblər ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 11-də Almaniya kansleri Olaf Şoltsla görüşdə Rusiya ərazisinə hücumlar üçün uzaq mənzilli “Taurus”dan istifadə etmək və Ukraynanın sürətləndirilmiş hərbi əməliyyatlara başlaması barədə NATO-da təsdiqləmək üçün icazə istəyib.
“Bild” yazır ki, Ukrayna Prezidentinin bu xahişləri Berlində soyuqqanlılıqla qarşılanıb. Şolts Ukrayna liderinə açıq şəkildə "yox" deməyib, amma müsbət cavab da verməyib.
Politoloq və Münhendəki Bundesver Universitetinin beynəlxalq siyasət professoru Karlo Masala Zelenskinin Avropa turunun uğursuz olduğunu söyləyib: “Zelenski “Qələbə planı”nın iki əsas bəndində irəliləyiş əldə etməyib. Ona görə də Ukraynanın nöqteyi-nəzərindən Avropa turu uğursuz oldu”.
Başqa bir məlumatlı mənbə bildirib ki, ABŞ Prezidenti Co Bayden Ukrayna ilə Rusiya arasındakı müharibəni şərh etmək istəmədiyi üçün Ramşteyn formatında görüş üçün Almaniyaya planlaşdırılan səfərini ləğv edib. Baydenin səfərinin ləğvi ilə bağlı rəsmi səbəb ötən cümə günü Florida sahillərini vuran “Milton” qasırğası göstərilsə də, əsas səbəbin bu olmadığı ehtimal olunur.
Bundan əvvəl “Bloomberg” Almaniya, Belçika, Danimarka və Norveçin ilin sonuna qədər Ukraynaya 1,4 milyard avro məbləğində hərbi yardım göstərəcəyini yazmışdı.
Şolts aydınlaşdırıb ki, vəsait “İris-T” və “Skynex” hava hücumundan müdafiə sistemləri, “Leopard” tankları, haubitsalar, zenit silahları, hücum pilotsuz təyyarələri, radar avadanlıqları və artilleriya mərmiləri üçün ayrılacaq. Almaniya kansleri həmçinin təsdiqləyib ki, “Böyük yeddilik” (G7) ölkələri Ukraynaya kredit şəklində 50 milyard dollar ayırmaq niyyətindədir və bu vəsait Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək.
Xatırladaq ki, sentyabrın əvvəlində Almaniya lideri Ukraynada müharibənin başa çatmasını sürətləndirməyə və Rusiya ilə sülh sazişi üzrə müzakirələrə başlamağa çağırıb. Kansler həmçinin vurğulayıb ki, ilin sonuna qədər baş tutmalı olan Ukrayna üzrə ikinci “Sülh sammiti”nə Rusiya nümayəndələri də dəvət edilməlidir.
Öz növbəsində İtaliyanın “La Repubblica” qəzeti mənbələrinə istinadən yazıb ki, Almaniya kansleri Minsk razılaşmalarının prinsipləri əsasında sülh planı hazırlayır. Eyni zamanda, nəşrin iddiasına görə, təşəbbüs "Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsi imkanını istisna etmir". Bununla belə, Ukrayna əvvəllər dəfələrlə ərazi güzəştləri ilə sülh variantlarını nəzərdən keçirməyəcəyini bəyan edib.
Turan Abdulla