Dünən pik saatda 28 May metrosunda qatarlardan birində texniki problem yaranıb. Sərnişinlər qatardan düşürülüb. Sərnişinlərin qatardan düşürülməsi 10 dəqiqə çəkib. Bu da metroda izdiham yaradıb. Axşam saat 11-ə qədər metroda sıxlıq müşahidə edilib. Artıq bu vəziyyət bir neçə dəfədir ki, təkrarlanır.
Maraqlıdır, qatarlar hər gün texniki baxışdan keçirilmir?
Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, qatarlarda problemin yaranması texniki baxışla bağlı deyil:
“Qatar 8-20 saat arasında xəttdə olmalıdır. Hər bir qatar elektrik deposunda olarkən əlbəttə ki, baxışdan keçirilir, təmir-qulluq prosesi və əlavə xidmət prosesi də keçirilir. Yeni nəsil qatarlarda ayrı, köhnə nəsil qatarlarda ayrı prosesdir. Dünən qatarda yaranan problemin səbəbi texniki nasazlıq idi. Təsəvvür edin ki, gün ərzində qatar xəttə olarkən sıxlıq şəraitində səhər, günorta, axşam işləyir və bu vaxtlar ərzində də qatara müxtəlif fiziki təsirlər olur”.
“Bir qatarın 10 dəqiqə dayanması saat 11-ə qədər izdihama səbəb ola bilməz”
Bəxtiyar Məmmədovun sözlərinə görə, dünənki sıxlığın səbəbi təkcə qatarın dayanması olmayıb:
“İzdihamın axşam saat 11-ə qədər davam etməsi qatarda yaranan problemlə əlaqələndirilə bilməz. Dünən sərnişin axını da çox idi. Sərnişin axınının hər gün özünə məxsus xüsusiyyəti var. Hər bir qatarın tutumu 1600 nəfər sərnişinə qədərdir. İnterval, qatarın sayından asılı olmayaraq bundan aşağı da salmaq mümkün deyil. Bu da sırf metronun infrastrukturuna görədir. Xətlər ayrılmalıdır ki, interval bundan aşağı salına bilsin. Dünən 10 dəqiqə sadəcə vaqonlardan sərnişinlərin düşürülməsinə sərf olunub”.