Füzuli Şəhəri Günü ilə bağlı tədbirin açılışı olub.
Füzuli şəhərində təşkil edilmiş tədbirdə şəhid ailələri, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, müxtəlif media mənsubları, eləcə də şəhər sakinləri iştirak edirlər.
Tədbir iştirakçıları, əvvəlcə, Füzuli şəhəri 1-ci yaşayış məhəlləsinin ərazisində təqdim olunan müxtəlif sərgilərlə tanış olublar.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil edilmiş “Ümummilli Lider Heydər Əliyev və Füzuli”, Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş "Zamanın Qanadlarında: Füzuli" foto sərgiləri izləyicilərə təqdim olunub. Eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş "Mənim Füzulim" adlı rəsm sərgisi də nümayiş edilib.
Digər stenddə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar və rayonda aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi-mədəniyyət nümunələri təqdim edilib.
"ABAD" üçün ayrılmış xüsusi çadırda bir sıra dekorativ-tətbiqi xalq sənəti növləri üzrə ustad dərsləri təşkil olunub. Bu dərslər arasında keramika sənəti, bədii rəsm, vitraj və digər sənət növləri yer alıb.
Sözügedən ərazidə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən uşaqlar üçün xüsusi əyləncə zonası təşkil edilib.
Füzuli şəhəri 1-ci yaşayış məhəlləsinin daxilində yerləşən parkın ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuli rayonuna səfərlərini özündə ehtiva edən və “Füzuli: işğaldan öncə”, “Füzuli: işğal zamanı”, “Füzuli: işğaldan sonra” məzmunlu, həmçinin Füzuli şəhəri ilə qardaşlaşmış Türkiyənin Çorum şəhəri və Özbəkistanın Gülüstan şəhərinə dair stendlər quraşdırılıb.
Qeyd edək ki, Füzuli Şəhəri Günü irəliləyən saatlarda müxtəlif tədbirlərlə qeyd olunacaq.
Xatırladaq ki, Füzuli Şəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.