“Digər xəstəliklər kimi COVID-19 virusu da daima bizimlə olacaq. Sadəcə infeksiyanın yayıldığı ilk dövrlə müqayisədə yoluxuculuq qabiliyyəti daha zəifdir. Bunu nəzərə alaraq pandemiya ilə əlaqəli qəbul edilən qoruyucu tədbirlərə əməl edilməsi zəruridir”.
Bu fikirləri report-a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib.
Mütəxəssis xatırladıb ki, bu gün insanlar koronavirusa yoluxsalar belə daha yüngül formada keçirirlər:
“Bu, o şəxslərə aiddir ki, onların hər hansı yanaşı xəstəliyi yoxdur. Onkoloji, şəkər və digər xroniki xəstəliyi olanlar ehtiyatlı olmalıdırlar. Belə ki, vətəndaşların fərdi qoruyucu vasitələrdən - maskadan istifadə, əl gigiyenasına riayət etmək kimi qaydalara əməl etmələri tövsiyə olunandır. Çünki pandemiya hələ də bitməyib”.
Həkim-infeksionist eyni zamanda, Azərbaycan əhalisinin vaksinasiya prosesində yetərincə aktiv iştirak etdiyini vurğulayıb:
“Vaksin olunmayan şəxslərə buradan səslənirəm ki, hər hansı xəstəliyin peyvəndinin tapılması böyük bir şansdır və bundan istifadə etmək lazımdır. Peyvənd olunmaqla insanlarını özlərini həm xəstəlikdən qoruya, həm də immunitetlərinin yaranmasına şərait yarada bilərlər. Tövsiyə edirəm ki, vaksin vurduraraq vaxtında orqanizmlərində virusa qarşı qoruyuculuq yaratsınlar. Belə olan halda infeksiyaya yoluxduqları halda xəstəliyi yüngül keçirə bilərlər”.
Qeyd edək ki, Nazirlər Kabinetinin bugünkü qərarı ilə ölkədə karantim rejiminin vaxtı yanvar ayının 1-nə qədər uzadılıb. Bu gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla koronavirusun ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.