Infoteka.az
Siyasət

İlham Əliyevin Kazanda Milorad Dodik ilə görüşü olub

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü olub.

Milorad Dodik Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə çatdırmağı xahiş etdi.

Milorad Dodik Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. O, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə təbriklərini çatdırdı.

"Siz suveren Azərbaycanın güclü Liderisiniz. Güclü Lider olmadan güclü dövlət də ola bilməz", - deyən Milorad Dodik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurla inkişaf etməsini məmnunluqla qeyd etdi.

O, investisiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu deyərək, Azərbaycanın yol infrastruktur şirkətlərinin Balkan regionunda uğurlu layihələr həyata keçirdiyini qeyd etdi və Bosniya və Herseqovinanın da bunda maraqlı olduğunu vurğuladı.

Prezident İlham Əliyev həm işğal, həm də işğaldan sonrakı dövrlərdə Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Bosniya və Herseqovinaya səfərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev enerji, nəqliyyat infrastrukturu və investisiyalar sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

Infoteka.az