Infoteka.az
Texnologiya

Avtomobillərin utilizasiyasına start veriləcək – BU TARİXDƏ

Məlum olduğu kimi, bu ilin yanvarında “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında” Ölkə Başçısı tərəfindən Sərəncam imzalanıb.

Nazirlər Kabinetinin 31 yanvar 2024-cü il tarixli “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləğinin, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləğinin və birdəfəlik ödənişin həcminin təsdiq edilməsi haqqında” qərar bu ilin fevral ayından icra olunur.

Amma bütövlükdə avtomobillərin utilizasiyasına başlanılmayıb.

Məlumdur ki, fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyir. Utilizasiya haqqı avtomobilin istehsal tarixənə uyğun olaraq 10-40 manat arasında dəyişir. İdxal olunan “ikinci əl” avtomobillər üçün isə utilizasiya haqqı 400-700 manat arasında dəyişir.

Amma hələ də açıq qalan suallar var. Məsələn, bilinmir ki, utilizasiya prosesində hansı ölkənin təcrübəsi əsas götürüləcək. Çünki hər ölkədə nəqliyyat vasitələrinin utilizasiya yaşı müxtəlif illəri əhatə edir.

Məsələn, Böyük Britaniya və Fransa kimi Qərbi Avropa ölkələrində avtomobillər 7-8 illik istismardan sonra utilizasiyaya verilir. Baltik ölkələrində bu müddət 12 il, Lüksemburqda 4 ildən az, Səudiyyə Ərəbistanında isə 3 ildən biraz çoxdur. ABŞ-da avtomobillər 10-11 ildən, Rusiyada 12-13 ildən, Kubada 38 ildən sonra utilizasiya edilir.

Bundan əlavə Avropa və ABŞ-da köhnə maşınların təkrar emalını istehsalçı şirkətlər həyata keçirir.

Məsələn, Avropa İttifaqının direktivinə əsasən İttifaq ərazisində istehsal olunan avtomobillərin detallarının 95 faizi təkrar istifadə üçün yararlı olmalıdır. Almaniyada istehsalçı şirkətlər bu tələbə tam əməl edirlər. “Mercedes-Benz” şirkəti təkrar emalı mümkün olan detalların üzərinə xüsusi işarə vurur.

Bəzi ölkələrdə avtomobili vaxtında utilizasiyaya verməməyə görə yüksək cərimələr, hətta azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. Niderland kimi ölkələrdə isə 96,2 faizi təkrar emala yararlı olmayan avtomobillərin istismarı qadağan edilib.

Bəs, ölkəmizdə bu prosesə nə zaman başlanılacaq?

Suala nəqliyyat üzrə ekspert Aslan Əsədov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda bütün diqqət COP29-a yönəldiyi üçün digər məsələlər gündəmdə deyil:

“Hökumətin yaxın aylarında bu məsələni gündəmə gətirəcəyi də gözlənilmir. Məlumdur ki, utilizasiya prosesi böyük vəsait tələb edir. Doğrudur, texniki baxış və gömrük rəsmiləşməsi zamanı bu məqsədlə avtomobil sahiblərindən müəyyən vəsait tutulur. Amma bu kifayət etmir. Hesab edirəm ki, 2025-ci ildə hökumət bu məsələni gündəmə gətirəcək. Ola bilsin ki, gələn ilin ikinci yarısında və yaxud sentyabr-oktyabr aylarında hökümət bu prosesə start versin”.

Bəs, utilizasiya prosesi necə aparılacaq?

“Hələlik utilizasiyanın necə aparılacağı barədə konkret qərar, fikir yoxdur. Hələ ki bu sahədə beynəlxalq təcrübə öyrənilir. Hansı ölkənin modeli əsas götürüləcək? Bunu demək indiki halda çətindir. Suallarsa çoxdur. Utilizasiya edənə nağd ödəniş ediləcək, yoxsa ona güzəştli şərtlərlə yeni avtomobil təklif ediləcək? Neçə illik avtomobillər əsasən utilizasiyaya cəlb ediləcək? Utilizasiya məcburi olacaq, yoxsa könüllü? Bax, bütün bu suallar hələ də açıq qalıb.Modellər, formullar çoxdur. Amma yekun qərar hökumətindir. Ona görə də hökumətin qərarını gözləməliyik”.

Surxay Atakişiyev

Infoteka.az