Pentaqon Rusiyaya xəbərdarlıq etdi: Şimali Koreya müharibəyə girəcəyi təqdirdə...
“Şimali Koreya əsgərləri Rusiya tərəfində müharibəyə daxil olarsa, Ukrayna ordusuna onlara qarşı ABŞ silahlarının istifadəsinə heç bir məhdudiyyət qoymayacaq”. Bu sözləri ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq deyib. Pentaqon rəsmisi “Vaşinqtonun belə bir eskalasiya zamanı Ukrayna ordusuna hər hansı bir məhdudiyyət qoymağı planlaşdırıb-planlaşdırmadığı” sualına belə cavab verdi: “Xeyr... Şimali Koreya qoşunlarının cəbhə xəttinə doğru irəlilədiyini görsək, demək, onlar müharibənin iştirakçılarıdır”.
Pentaqonun hesablamalarına görə, Şimali Koreya Rusiyaya 10 min əsgər göndərib: "Onlardan bəziləri artıq Ukraynaya doğru yaxınlaşır və biz Rusiyanın onlardan döyüşdə istifadə etmək, Kursk bölgəsində Ukrayna Silahlı Qüvvələrinə qarşı əməliyyatlarda iştirak etmək niyyətindən getdikcə daha çox narahat oluruq".
“Əgər Şimali Koreya əsgərləri döyüş meydanında görünsələr, bu, vəziyyəti daha da gərginləşdirəcək və Rusiya Prezidenti Vladimir Putinin artan çarəsizliyini göstərəcək. Bu, eyni zamanda, Rusiya ordusunun göründüyündən daha çox problemləri olduğunu təsdiqləyəcək”, - deyə Sinq vurğulayıb.
Pentaqon rəsmisi xatırladıb ki, ukraynalılar öz suveren əraziləri üçün vuruşurlar və ABŞ nəyin bahasına olursa olsun onlara dəstəyi davam etdirməyi öhdəsinə götürüb: "Bu, Şimali Koreyanın öz əsgərlərini hazırda 500 min nəfərdən çox rusun həyatını itirdiyi müharibəyə göndərərkən etməli olduğu bir hesablamadır".
Lakin Sinq Şimali Koreya qoşunlarının Kurskda olmasını təsdiqləməkdən imtina edib: “Çox güman ki, onlar bu istiqamətdə irəliləyirlər... Amma hələlik məndə daha ətraflı məlumat yoxdur”.
Qeyd edək ki, oktyabrın 28-də NATO-nun baş katibi Mark Rutte bildirib ki, Şimali Koreyadan olan qoşunlar Ukrayna Silahlı Qüvvələrinin gözlənilməz yay hücumu zamanı ələ keçirdiyi Kursk bölgəsinə yerləşdirilib.
Bundan əvvəl ABŞ Konqresi Pentaqonu Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibəyə girəcəyi təqdirdə “birbaşa hərbi müdaxilə” imkanını nəzərdən keçirməyə çağırıb. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, respublikaçı Mayk Turner deyib ki, “Bayden-Harris administrasiyası Şimali Koreya qoşunlarının bu münaqişəyə cəlb olunmasının ABŞ üçün “qırmızı xətt” olduğunu açıq şəkildə bildirməlidir”.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın 1,5 min elit xüsusi təyinatlısı oktyabrın 8-dən 13-dək Vladivostok limanına gəlib və artıq yerli poliqonlarda təlim keçir. Bölmədə əsgərlərdən başqa bir neçə yüksək rütbəli zabit, o cümlədən xüsusi əməliyyatlara komandanlıq edən general var. Tezliklə ikinci qoşun qrupunun göndəriləcəyi gözlənilir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, kəşfiyyat məlumatlarına görə, Şimali Koreyadan ilk hərbçi dəstəsi oktyabrın 27-28-də cəbhədə olacaq. O, bunu Kremlin “açıq-aşkar eskalasiyası” adlandırıb.
Öz növbəsində Cənubi Koreya Prezidenti Yoon Seok-yeol xəbərdarlıq edib ki, rəsmi Seul Ukrayna Silahlı Qüvvələrinə öldürücü silahlar göndərmək imkanını nəzərdən keçirməyə hazırdır: “Çünki Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi və onların Ukraynaya qarşı müharibədə iştirakı o deməkdir ki, Şimali Koreya da müharibəyə qoşulub. Bu, təkcə Koreya yarımadasında deyil, həm də Avropada qlobal təhlükəsizliyi təhdid edən təxribatdır”.
Turan Abdulla