ABŞ prezidenti Co Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan fövqəladə vəziyyətin bir il müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.
Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Baydenin vurğuladığı kimi, ABŞ İranla münasibətləri hələ də normallaşdırılmayıb və 19 yanvar 1981-ci il tarixli ikitərəfli razılaşmaların icrası prosesi davam edir”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir. Razılaşma 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub. Bu sənədlər, xüsusilə, ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini müəyyən edir.
“Bu səbəblə 1979-cu il noyabrın 14-də elan edilmiş milli fövqəladə vəziyyət, eləcə də bu fövqəladə vəziyyətə qarşı mübarizə üçün o zaman tətbiq edilmiş tədbirlər 2024-cü il noyabrın 14-dən sonra da qüvvədə qalmalıdır”, - bəyanatda deyilir.
Daha sonra Baydenin "İranla bağlı milli fövqəladə vəziyyətin müddətini bir il müddətinə uzadıram" dediyi bildirilib.
Qeyd edək ki, 14 noyabr 1979-cu ildə ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Tehranda amerikalıların girov götürülməsinə cavab olaraq 12170 saylı fərman imzalayıb.
Fərmanla ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dakı bütün rəsmi holdinqlərini, o cümlədən ABŞ banklarındakı hesabları və onların xarici şöbə və filiallarını bloklamaq əmri verilib.
Beləliklə 1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsdi və ABŞ-dan İrana bütün malların, o cümlədən ərzaq və dərmanların ixracını qadağan etdi. Daha sonra İrandan ABŞ-a hər hansı mal idxalına embarqo və amerikalıların İrana səfərinə qadağa qoyuldu.