Infoteka.az
Dünya

Harris Trampın namizəd olmaqdan kənarlaşdırılmalı olduğunu düşünür

ABŞ prezidentliyinə namizəd Kamala Harris hesab edir ki, rəqibi Donald Tramp dövlət başçısı postuna namizəd olmaq hüququndan məhrum edilməlidir.

O, bunu Trampın 2017-2023-cü illərdə Vayominq ştatından ABŞ Nümayəndələr Palatasının üzvü olmuş respublikaçı Liz Çeyni haqqında dediklərini şərh edərkən bildirib.

Daha əvvəl Tramp seçkilərdə Harrisi dəstəkləyən Çeynini “radikal müharibə şahini” adlandırıb və həmçinin “ona silah tuşlansa” özünü necə aparacağı ilə maraqlanıb.

Qeyd edək ki, Çeyni 2001-2009-cu illərdə ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışmış respublikaçı Dik Çeyninin qızıdır. O 43-cü prezident, respublikaçı Corc Buşun dönəmində vitse-prezident olub.

"Bu, diskvalifikasiya edən amil olmalıdır. ABŞ-ın prezidenti olmağa can atan və bu cür şiddətli ritorikadan istifadə edən hər kəs açıq-aşkar acizdir və prezident olmaq üçün yararsızdır. Onun düşmənlərinin siyahısı artır, bəyanatları getdikcə ifrat xarakter daşıyır və o, amerikalıların üzləşdiyi ehtiyaclara, narahatlıqlara və problemlərə əvvəlkindən daha az diqqət yetirir ", - deyə Harris bildirib.

Infoteka.az