Infoteka.az
Siyasət

Dünyanın diqqəti ABŞ-da – Qutudan Harrisin, yoxsa Trampın adı ÇIXACAQ?

Bu gün ABŞ-da böyük gündür. Çünki bu gün yaxın dörd il ərzində Amerikaya kimin rəhbərlik edəcəyinə aydınlıq gələcək. Bu gün paralel olaraq ABŞ-ın Senat və Nümayəndələr Palatasına da seçkilər keçirilir. Həmçinin, bəzi ştatlarda qubernator seçkiləri və müxtəlif bələdiyyə seçkiləri də bu gün baş tutacaq.

Məlumdur ki, seçkilərdə əsasən iki partiya - Demokratlarla Respublikaçılar arasında mübarizə gedir. Budəfəki seçkilərdə demokratları Kamala Harris, respublikaçıları isə Donald Tramp təmsil edir.

Seçkilər necə keçirilir?

Nəzərə alaq ki, Amerikada seçkilər xeyli fərqli keçirilir. Birinci mərhələdə seçicilər öz səslərini istədikləri namizədlərə verirlər. Bu sadə səsvermə və yaxud poçt vasitəsilə edilir. Amma seçicilərin səsi hər şeyi həll etmir. Bu məsələdə son söz 538 nəfərin daxil olduğu Seçicilər Kollegiyasınındır.

Qalib namizəd sadə seçicilərlə yanaşı həm də Seçicilər Kollegiyasının yarısının səslərini almalıdır. Bu baş tutmasa, seçkinin ikinci mərhələsi keçirilir. Bu isə dekabrın 17-də keçiriləcək. Səslərin hesablanması seçkilərin iki mərhələsi başa çatdıqdan sonra aparılır. Lakin çox vaxt kimin qalib gələcəyi birinci mərhələdə, seçicilərin səsverməsindən, yəni noyabrın 5-dən sonra bəlli olur.

Bir məqamı da qeyd edək ki, qanunvericiliyə görə seçkidə qalib gəlmək üçün prezidentliyə namizəd seçicilərin yarıdan çoxunun səsini almalıdır. Eyni zamanda namizədin qalib olması üçün Seçicilər Kollegiyasının 538 üzvündən ən azı 270-nin səsini almalıdır.

Bu baş verəndən sonra isə digər məsələ ortaya çıxır. Belə ki, qalib namizəd həm də 7 ştatda- Arizona, Nevada, Viskonsin, Miçiqan, Corciya, Pensilvaniya, Şimali Karolinada öndə olmalıdır. Bu ştatlar “karusel ştatlar”dır və heç bir namizədə açıq üstünlük ifadə etmirlər. Üstəlik, bu yeddi ştat 93 seçici səsini təmin edir, seçkinin nəticəsi onlardan asılıdır. Çünki bu səslər olmadan heç bir namizəd arzuladığı 270 səsi ala bilməyəcək.

Harris, yoxsa Tramp?

Hadisələrin inkişafı göstərir ki, nə Tramp, nə də Harris seçicilərin yarıdan çoxunu və Seçicilər Kollegiyasının 269 səsini ala bilməyəcək. Keçirilən sorğularda heç bir namizəd seçicilərin 50 faizdən artıq etimadını qazanmayıb. Əgər namizədlərdən biri 50 faizlik baryeri keçməsə o zaman, Nümayəndələr Palatası “bir dövlət, bir səs” sistemi əsasında prezidenti seçəcək. Palatada 26 səs toplayan namizəd qalib gələcək və ABŞ-ın növbəti prezidenti olacaq.

Sorğular, nəticələr...

BBC-nin apardığı son sorğulardan aydın olur ki, “karusel ştatlar”da Tramp öndədir. Beləki, 7 aparıcı ştatdan 4-ü Trampa üstünlük verir.

“Amerikanın səsi”nin sorğuları göstərir ki, vitse-prezident Harris Nevada, Şimali Karolina və Viskonsin ştatlarında az fərqlə, keçmiş prezident Tramp isə Arizona ştatında liderdir. Miçiqan, Corciya və Pensilvaniya ştatlarında aparılan sorğuda iki namizəd demək olar ki, bir-birinə çox yaxındır. Sorğu göstərir ki, respondentlərin təxminən 40%-i artıq səs verib və Harris bu seçicilər arasında 8 faiz bəndi ilə liderlik edir, Tramp isə səsvermədə iştirak edə biləcəyini söyləyən, lakin hələ də bunu etməmiş seçicilər arasında liderlik edir.

CNN-in SSRS sorğularına istinadən demək olar ki, namizədlər arasında açıq fovarit yoxdur. Məsələn ən son sorğulara görə, Harrisi Arizona ştatında seçicilərin 48%-i, Trampı isə 47%-i dəstəkləyib. Nevada ştatında seçicilərin 48%-i Trampı, 47%-i isə Harrisi dəstəkləyir.

“The New York Times”-ın son sorğularına görə isə Trampı seçicilərin 48%-i, Harrisi isə 49%-i dəstəkləyir.

Sorğular göstərir ki, Harris seçkinin nəticəsini müəyyən etmək ehtimalı yüksək olan 7 ştatdan 4-də liderlik edir. Ancaq hər şey bir gecədə dəyişə bilər. Necə deyərlər Amerika fürsətlər ölkəsidir.

Kimin qələbəsi daha məqbuldur?

Bütün hallarda seçkilərin nəticəsi bütün dünya ölkələrinə bu və digər şəkildə təsir edəcək. Amma bir məsələ var ki, demokratların və respublikaçıların dünyaya və öz ölkələrinə baxışları fərqlidir. Məsələn, respublikaçıların devizi budur:

“Amerika amerikalılar üçündür”.

Bu da o deməkdir ki, respublikaçılar daha çox amerikalıların sosial rifahını düşünür. Onlar əcnəbilərə, xüsusən də miqrantlara qarşı çox sərtdirlər. Təsadüfi deyil ki, Trampın prezidentliyi dövründə miqrantlara qarşı mübarizə dövlətin prioritetlərindən idi. Bundan əlavə, respublikaçılar daha çox ölkənin problemlərinə diqqət edirlər. Digər ölkələrdə baş verən proseslər respublikaçılar üçün o qədər də maraqlı deyil. Amma demokratlar elə düşünmür. Onlar belə deyir, belə düşünür:

“Bütün dünya amerikalılar üçündür”

Bu da o anlama gəlir ki, demokratları bütün dünyanı istədikləri kimi idarə etmək və başqa dövlətlərin sərvətlərini talayıb ABŞ-a gətirmək istəyirlər. Təsadüfi deyil ki, son 30 ildə demokratların hakimiyyətdə olduğu zaman dünyada çoxlu sayda qaynar nöqtələr yaradılıb. Elə Ukraynada və Yaxın Şərqdə son 3 ildə baş verən münaqişələr bunun sübutudur.

Ona görə də respublikaçıların seçkilərdə qalib gəlməsi daha dünya üçün daha faydalı görünür. Təbii ki, son söz Amerikalılarındır...

Surxay Atakişiyev

Infoteka.az