Infoteka.az
Dünya

G20 liderlərindən dünyaya mesaj: qlobal aclıq, Qəzza, Ukrayna...

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 (Böyük İyirmilik) sammiti dünyaya mesajlarla yadda qalıb. G20 sammitinin açılışında Braziliya Prezidenti Luiz İnasio Lula da Silva deyib ki, Aclıq və Yoxsulluğa Qarşı Qlobal Alyans yaradılacaq: “Aclıq və yoxsulluq qıtlıq və ya təbii hadisələrin nəticəsi deyil”. Onun fikrincə, bu, bəşəriyyətin böyük bir hissəsinin maraqlarını istisna edən siyasi qərarların nəticəsidir.

Braziliya Prezidenti əlavə edib ki, aclıq “bəşəriyyəti rüsvay edən ləkədir”. Bu təşəbbüs Braziliyanın G20-yə sədrliyinin əsas mövzularından biridir: bu, dünyanın 81 ölkəsində ictimai dəstək alıb. Onun çərçivəsində ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində təcrübə mübadiləsinin aparılması və müvafiq tədbirlərin əlaqələndirilməsi nəzərdə tutulur.

“Bu, bizim əsas mirasımız olacaq", deyə Lula da Silva vurğulayıb. Prezident aclıq və yoxsulluğa qarşı mübarizənin dünyada sülhün bərqərar olması üçün ilkin şərt olduğunu vurğulayıb: “Amerikalararası İnkişaf Bankı artıq bu təşəbbüsə 25 milyard dollar vəd edib.

Sammitin iştirakçıları Qəzza zolağı və Ukraynadakı münaqişə ilə bağlı birgə bəyanat qəbul ediblər. Sənəd Qəzza zolağında və Livanda “hərtərəfli” atəşkəsə çağırır. Dünyanın ən böyük iqtisadiyyatlarının liderləri olan G20-nin üzvləri ABŞ-ın 2023-cü ilin oktyabrında İsrailin cənubuna hücumundan sonra HƏMAS-ın əlində qalan bütün girovların azad edilməsi müqabilində Qəzzada daimi atəşkəs təklifini dəstəkləyiblər.

Sammitin birgə bəyanatında yoxsulluğun və iqlim dəyişikliyinin azaldılması üçün əməkdaşlığın zəruriliyindən də danışılıb. Eyni zamanda, qeyd olunub ki, G20 liderləri BMT çərçivəsində iqlim danışıqlarında yaranmış çıxılmaz vəziyyətin həllinə kömək edə bilməyiblər.

İclasdan əvvəl BMT G20-ni qlobal istiləşmə ilə mübarizə səylərində inkişaf etməkdə olan ölkələrin maliyyəsini artırmağa çağırıb. Amma sammit iştirakçılarından heç biri konkret öhdəlik götürməyiblər.

“France-Presse” Braziliyadakı sammitin ab-havasını təsvir edərək yazıb ki, ABŞ Prezidenti Co Bayden orada artıq vəzifəsini tərk edən dövlət başçısı kimi qəbul edilib. Eyni zamanda, Çin lideri Si Cinpin ABŞ-ın yeni Donald Tramp adminstrasiyası dövründə özünü beynəlxalq asayişin müdafiəçisi kimi göstərib. Si dünyanın indi yeni bir "turbulentlik" dövrü ilə üzləşdiyini söyləyib və "müharibənin şiddətlənməsi və münaqişələrin qızışdırılmamasının" lazım olduğunu vurğulayıb.

Braziliyada G20 ölkələri liderlərinin iştirakı ilə keçirilən iki günlük görüşdə həmçinin beynəlxalq institutların zəruri islahatları, iqlimin qorunması, Ukrayna və Yaxın Şərqdə sülhün əldə edilməsi məsələləri müzakirə olunub. Rusiyanı Rio-de-Janeyroda xarici işlər naziri Sergey Lavrov təmsil edib. Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs olunacağından qorxaraq sammitə qatılmayıb. Braziliya da sammitdə ona təhlükəsizlik zəmanəti verməkdən imtina etmişdi.

“Reuters” yazır ki, Lavrovun çinli həmkarı Vanq Yi ilə sammit çərçivəsində baş tutan görüşündə iki ölkə arasında “görünməmiş” münasibətlərdən danışılıb. “İnterfaks” Lavrovun sözlərindən sitat gətirib: “Biz həqiqətən də hərtərəfli tərəfdaşlıq üzrə strateji münasibətlərimizin inkişafında görünməmiş mərhələdəyik.

Xatırladaq ki, NATO-nun rəhbəri Mark Rutte ötən həftə Fransaya səfəri zamanı xəbərdarlıq edib ki, Rusiyanın müdafiə sənayesini dəstəkləyən Çinlə, eləcə də Şimali Koreya və İranla artan əməkdaşlığı Avropa, Hind-Sakit okean regionu və Şimali Amerikanı təhdid edir.

 

Turan Abdulla

Infoteka.az