Infoteka.az
Siyasət

Mövlud Çavuşoğlu: Bölgədə sülhü bərqərar etmək Türkiyə ilə Azərbaycanın ortaq arzusudur

“Qərbi Azərbaycan İcmasının fəaliyyəti illərdir haqsızlığa məruz qalmış azərbaycanlılarının hüquqlarını təmin etmək üçün əhəmiyyətlidir”.

Bunu Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi II beynəlxalq konfransın açılış sessiyasında Türkiyə Respublikasının sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tamamilə uyğundur: “Bu, torpaq məsələsindən daha çox insan haqqı məsələsidir. Ermənistan hökuməti isə hələ də dialoq çağırışlarına cavab vermir”.

M.Çavuşoğlu çıxışında Ermənistanda məhv edilən Azərbaycanın mədəni irsinin qorunması vacib məsələ olduğunu xüsusi vurğulayıb və beynəlxalq təşkilatların bu məsələyə biganə qalmamasının zəruriliyini bildirib.

“Azərbaycanın sülhyönümlü siyasəti təqdirəlayiqdir. Bölgədə sülhü bərqərar etmək Türkiyə ilə Azərbaycanın ortaq arzusudur. Prezident İlham Əliyevin təşəbbüsləri hər kəsə nümunə olmalıdır. Ermənistanın bu təşəbbüslərə adekvat cavab verməsi vacibdir”, - deyə o əlavə edib.

Infoteka.az