Dekabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında “Nurlu ömrün anları” adlı tamaşa nümayiş olunub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov, YAP Suraxanı Rayon Təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.
Adil Əliyev çıxış edərək bildirib ki, müasir Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi, ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. O qeyd edib ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub.
Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirib.
Sonra isə “Nurlu ömrün anları” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev olan tamaşada ulu öndər Heydər Əliyevin ümummilli liderlik fenomeni bədii təcəssümlə canıandırılıb, onun müstəqil Azərbaycanın quruculuğunda müstəsna xidmətləri, vətən, xalq, dövlət, ailə sevgisi tərənnüm olunub, ulu öndərin layiqli davamçısı, İlham Əliyevin ölkəmizin yüksəlişi naminə fəaliyyəti, 44 günlük Vətən Müharibəsinin Zəfər təntənəsi əks etdirilib.