Infoteka.az
İqtisadiyyat

Kiçik, orta və iri investisiya layihələrinin həcmi müəyyənləşib

İnvestisiya layihələri üzrə təkliflər sifarişçi təşkilatlar tərəfindən ölkənin ümumi sosial-iqtisadi inkişaf konsepsiyalarına, strategiyalarına və dövlət proqramlarına, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi prioritetlərə (layihələrə) və sektorlar üzrə strateji planlara uyğun olaraq səmərəlilik və effektivlik prinsipləri əsasında tərtib ediləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsdiqlənən “Dövlət İnvestisiya Proqramının tərtib və qiymətləndirilməsinin yeni qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, investisiya layihələri dəyərinə görə aşağıdakı kimi təsnifləşdirilir:

- kiçik investisiya layihələri – dəyəri 30,0 milyon manata qədər olan investisiya layihələri;

- orta investisiya layihələri – dəyəri 30,0 milyon manatdan 50,0 milyon manata qədər olan investisiya layihələri;

- iri investisiya layihələri – dəyəri 50,0 milyon manatdan çox olan investisiya layihələri.

İnvestisiya layihələrinin qiymətləndirilməsi layihə konsepsiyası, ilkin texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması mərhələləri üzrə İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

Sifarişçi təşkilatlar hər bir yeni investisiya layihəsi üzrə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq layihə konsepsiya sənədini cari il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə təqdim edirlər.

Sifarişçi təşkilatın təqdim etdiyi layihə konsepsiya sənədi İqtisadiyyat Nazirliyi tərəfindən 60 (altmış) iş günü müddətində qiymətləndirilir və qiymətləndirmə nəticəsində sifarişçi təşkilata kiçik və orta investisiya layihələri üzrə yekun rəy, iri investisiya layihələri üzrə isə ilkin rəy təqdim edilir. Qiymətləndirmə bu Qaydalarda qeyd olunan məlumatlar əsasında aparılır.

Müsbət rəy verilmiş investisiya layihələri prioritet dövlət investisiya layihələrinin siyahısına daxil edilir.

Dəyəri bu Qaydalarda göstərilən məbləğin 3 mislindən yuxarı olan iri investisiya layihələri üzrə sifarişçi təşkilatlar tərəfindən ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır və onlara dair İqtisadiyyat Nazirliyi tərəfindən müsbət aralıq rəy verildikdən sonra sifarişçi təşkilat texniki-iqtisadi əsaslandırma sənədlərini hazırlayır.

Hər ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsündə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması, müstəqil ekspertlərin cəlb edilməsi məqsədilə həmin xərclərin 3 faizədək məbləğində əlavə vəsait nəzərdə tutulur və onun bölgüsü İqtisadiyyat Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

İri investisiya layihələri üzrə yekun rəy texniki-iqtisadi əsaslandırma sənədləri əsasında verilir. Sifarişçi təşkilatlar İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formanı dolduraraq, müvafiq sənədlərlə (aidiyyəti qurumların verdiyi rəy və tövsiyələr, sifarişçi təşkilat tərəfindən müstəqil qiymətləndirmə aparıldığı təqdirdə, onun nəticələri) birlikdə İqtisadiyyat Nazirliyinə təqdim edirlər. Təqdim edilmiş formaya uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən dəyəri bu Qaydalarda göstərilən məbləğin 3 mislindən yuxarı olan iri investisiya layihələri üzrə hazırlanan ilkin texniki-iqtisadi əsaslandırma sənədləri qiymətləndirilərək müsbət aralıq rəy verildikdən sonra sifarişçi təşkilat tərəfindən həmin investisiya layihələrinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır.

İri investisiya layihələrinin qiymətləndirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən müstəqil ekspertlər cəlb edilə bilər.

Infoteka.az