Infoteka.az
Sosial

Uşaqların hüquqlarının müdafiəsi üçün görülməli tədbirlər müəyyənləşir

Uşaqların hüquqlarının müdafiəsi üçün görülməli tədbirlər müəyyənləşir.

İnfoteka.az-ın xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə 123-2-ci (Uşaqların hüquqlarının müdafiəsi üçün tədbirlər müəyyənləşir) maddə əlavə olunur.

Yeni maddəyə əsasən, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən uşaqların hüquqlarının müdafiəsi üçün aşağıdakı tədbirlər görülməlidir:

- uşaqların qanuni nümayəndələrinə onların şikayətləri ilə bağlı görülən tədbirlər, habelə cinayət təqibinin gedişatı barədə məlumat verilməsi;

- cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqların qanuni nümayəndələrinə uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə tutulmuş, həbs edilmiş və ya məhkum edilmiş şəxsin azad edilməsi barədə məlumat verilməsi;

- uşaqların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə onlara yardım göstərilməsi;

- cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqların, onların ailələrinin və şahidlərin təhlükəsizliyinin təmin edilməsi;

- cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi tələb etdikdə pulsuz hüquqi yardım göstərilməsi üçün uşaqlarla iş üzrə daha təcrübəli vəkilin iştirakının təmin edilməsi;

- uşaqların valideynlərinin və ya digər qanuni nümayəndələrinin maraqlar toqquşmasına görə cinayət prosesində iştirak etməyə buraxılmadığı hallarda, qəyyumluq və himayəçilik orqanının uşaqlar üçün qanuni nümayəndə qismində təyin edilməsi;

- uşaqlara verilən məlumatların onların yaşına və psixi inkişafı səviyyəsinə uyğun qaydada və onların başa düşdükləri dildə təqdim olunması;

- uşağın mənafeyi, yaxud cinayət-prosesual fəaliyyətin məqsədləri üçün belə təmasın tələb olunduğu hallar istisna olmaqla, cinayət prosesinin istənilən mərhələsində uşaqla şübhəli və ya təqsirləndirilən şəxs arasında təmasın olmamasının təmin edilməsi.

Uşaqlardan ifadə alınarkən aşağıdakılar təmin edilir:

- cinayət haqqında cinayət təqibi orqanlarına məlumat daxil olduqdan sonra uşağın mənafeyi tələb etdiyi hallar istisna olmaqla, hər hansı gecikdirməyə yol verilmədən uşaqdan ifadə alınır;

- uşaqdan ifadənin alınması bu məqsədlə ayrılmış yerlərdə və ya yaradılmış xüsusi şəraitdə həyata keçirilir;

- uşaqdan ifadənin alınması cinayət prosesini həyata keçirən orqanın bu məqsədlə xüsusi hazırlıq keçmiş əməkdaşları tərəfindən həyata keçirilir;

- mümkün olduğu hallarda uşaqdan təkrar ifadənin alınması eyni şəxs tərəfindən həyata keçirilir;

- uşaqdan ifadələr iş üçün əhəmiyyətli hallarda və mümkün qədər az sayda alınmalıdır;

- mümkün olduğu hallarda uşaqdan bütün ifadələr videoçəkiliş aparılmaqla alınır.

Uşaq müvafiq istəyini bildirdikdə və ya onun mənafeyi nəzərə alınmaqla, uşağın məhkəmə zalında iştirak etmədən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə ifadə verməsi təmin olunur.

Infoteka.az