Infoteka.az
Dünya

Aktauda aviasiya qəzası: AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanı niyə məhz Qazaxıstan aparmalıdır?

Qazaxıstanın Aktau hava limanı yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəza səbəbləri ilə əlaqədar bir çox fərziyyələr və mübahisələr yaranıb. Şərhçilər və politoloqlar araşdırmanı kimin aparmalı olduğuna dair müzakirə aparırlar: təyyarənin aid olduğu və sərnişinlərin əksəriyyətinin özünün vətəndaşları olduğu ölkə kimi Azərbaycan, yoxsa reysin istiqamət götürdüyü və uçuş zamanı reysi müşayiət edən dispetçerlərin aid olduğu Rusiya? Yaxud qəzanın ərazisində baş verdiyi ölkə olan Qazaxıstan?

"Orda.kz" nəşri beynəlxalq müqavilələrdə belə hallarla bağlı hansı qaydaların yer aldığı və aviaqəzalara dair araşdırmaların praktikada necə aparıldığı barədə məlumatlar dərc edib.

Məlumata görə, başqa dövlətin ərazisində baş vermiş aviasiya qəzaları araşdırılarkən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən müəyyən edilmiş standartlar tətbiq edilir. Bu prosedurları tənzimləyən əsas sənəd isə Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya 13 saylı Əlavədir.

Bu əlavədə göstərilir ki, ərazisində insidentin baş verdiyi dövlət araşdırmanın aparılmasına görə məsuliyyət daşıyır. O, ICAO-nun tövsiyə etdiyi prosedurlara uyğun olaraq, ölkə qanunvericiliyinin icazə verdiyi həddə qəza hallarının araşdırılmasına göstəriş verməyə borcludur.

Amma bu o demək deyil ki, Rusiya və Azərbaycan istintaqda iştirak edə bilməz. Onlar öz səlahiyyətli nümayəndələrini təyin etmək hüququna malikdirlər. Qaydalar aşağıdakıların iştirakına icazə verir:

Hava gəmisinin qeydiyyata alındığı dövlət;

Hava gəmisinin istismar edildiyi dövlət;

Hava gəmisinin layihələndirildiyi dövlət;

Hava gəmisinin istehsal olunduğu dövlət.

İstintaqın əsas məqsədi hadisənin səbəblərinin müəyyən edilməsi və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tövsiyələrin hazırlanmasıdır. Qeyd etmək lazımdır ki, belə bir araşdırmanın məqsədi təqsir və ya məsuliyyətin müəyyən edilməsi deyil.

İstintaqı aparan dövlət hadisədən sonra 30 gün ərzində ilkin hesabat hazırlamalıdır. Bu hesabat aidiyyəti dövlətin qərarı ilə ictimaiyyətə açıq və ya məxfi ola bilər. Yekun hesabatın hadisədən sonra 12 ay ərzində dərc edilməsi tövsiyə olunur.

Qaydalarda istisnalar o zaman olur ki, ərazisində qəzanın baş verdiyi ölkə müstəqil şəkildə belə bir araşdırma apara bilmir. Və ya bu hüququ könüllü olaraq digər maraqlı ölkəyə verir.

Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin təhqiqatı Qazaxıstan istintaq qrupu tərəfindən həyata keçiriləcək və zəruri mütəxəssislər, o cümlədən, lazım gələrsə, ballistika üzrə ekspertlər də cəlb ediləcəklər.

Qazaxıstan daxili işlər nazirinin müavini İqor Lepyoxa vurğulayıb ki, hazırda istintaq ilkin mərhələdədir və qeyri-rəsmi məlumatlar və ya fotoşəkillər əsasında nəticələr çıxarmaq yolverilməzdir.

Hadisə yerində Qazaxıstan, Azərbaycan və Rusiyadan olan mütəxəssislərin daxil olduğu xüsusi komissiya işləyir.

Qazaxıstan Parlament Senatının sədri Maulen Aşimbayev bildirib ki, heç bir ölkə - nə Qazaxıstan, nə Azərbaycan, nə də Rusiya məlumatları gizlətməkdə maraqlıdır. Bütün məlumatlar mütəxəssislərin işi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.

Həmçinin Qazaxıstan Baş nazirin müavini Kanat Bozumbayev də məsələ ilə bağlı fikrini bildirib.

"Faciənin baş verdiyi yer Qazaxıstan Respublikasının yurisdiksiyasında olduğu üçün araşdırma Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən aparılacaq. Amma bizim həmkarlarımız istəsələr, istintaq hərəkətlərində iştirak edə bilərlər", - deyə o, Aktauda keçirdiyi brifinqdə çıxışı zamanı qeyd edib.

Infoteka.az